Müalicə-profilaktika Fakültəsində tələbələrin sayı ilbəil artaraq 1973-cü ildə 4500 nəfər olmuş və bununla əlaqədar tədris-tərbiyə işlərinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə 1974-cü ildə I və II Müalicə-profilaktika Fakültəsi təşkil edilmişdir.
Fakültənin əsas vəzifəsi cəmiyyətin həyat keyfiyyətini milli və regional tələblərə uyğun yüksəltmək və elm dünyasına töhfə vermək məqsədilə ən yüksək səviyyədə tibbi təhsil verməklə hadisələrə tənqidi yanaşma bacarığı olan, xəstəlikləri differensasiya və müalicə edə bilən, profilaktik tibbi və cəmiyyətin sağlamlığını ön planda düşünən, kommunikasiya qurmağı bacaran, etik prinsipləri mənimsəmiş, mədəni cəhətdən püxtələşmiş, tədqiqatçı və məhsuldar həkimlər yetişdirməkdir.
Hamıya məlumdur ki, müasir dövrdə “Tibb” ixtisası üzrə hazırlıq keçmiş gənc mütəxəssis qarşısında çox mühüm problemləri həll etmək durur. Belə ki, hər bir məzun həkimlik məsuliyyətini dərk etməli və kliniki düşüncə tərzinə malik olmalıdır. Onlar hər hansı təxirəsalınmaz-ekstremal şəraitdə əhaliyə ilk tibbi yardım etmək, diaqnozu düzgün müəyyənləşdirmək, eləcə də xəstələrin reabilitasiya istiqamətində peşə vəzifələrini müasir elmi-texniki tərəqqinin tələbatları səviyyəsində yerinə yetirməyi bacarmalıdır. Bu məqsədə nail olmaq üçün “Tibb” ixtisası üzrə məzunlar əsas fəaliyyətini profilaktik, diaqnostik, müalicə, səhiyyə maarifi, idarəetmə və elmi-tədqiqat işlərinin öyrənilməsinə və yeni metodların mənimsənilməsinə yönəltməli, eləcə də ixtisas üzrə rezidenturada təhsil almağa hazır olmalıdır.
Kollektivimiz öz məsuliyyətini dərk edərək yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün fəaliyyətini aşağıdakı normativ sənədlərə uyğun həyata keçirir.
Fakültənin əməkdaşları Azərbaycan Respublikasının “Təhsil qanunu”, “Dövlət ali təhsil müəssisəsi haqqında Əsasnamə”ni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nı, Səhiyyə Nazirinin, Təhsil Nazirinin, habelə ATU Rektorunun əmrlərini, Elmi Şuranın qərar və metodik göstərişləri və digər normativ sənədlərini rəhbər tutaraq tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsinə çalışmışdır.
Tədrisin keyfiyyətini və səmərəsini yüksəltmək, hazırlanan gənc mütəxəssislərin tələb olunan bilik və bacarıqlara yiyələnməsini təmin etmək üçün dekanlıq və fakültənin kollektivi öz işini aşağıdakı istiqamətlərdə həyata keçirir:
Tədris prosesinin təşkili və onun təkmilləşdirilməsi;
Tədris-metodik işlərin səviyyəsinin yüksəldilməsi;
Elmi-tədqiqat işlərinin yerinə yetirilməsi və tələbə elmi cəmiyyətinin işi;
Elmi-texniki yeniliklərin tədrisdə tətbiqinə diqqətin artırılması;
Tərbiyəvi işin aparılması və s.
Fakültə dekanı – dos. Məhərrəmbəyli İsrail Şəmşəd oğlu
Fakültənin dekan müavinləri
I-II kurslar üzrə - dos. Məhərrəmova Sevinc
III-IV kurslar üzrə - dos. Bəydəmirova Arzu
V-VI kurslar üzrə - b. m. Hüseynova Bənövşə
Akademik məsləhətçilər
I-II kurslar üzrə - ass. Əliyeva Şəfəq
III-IV kurslar üzrə - ass. Bayramova Leyli
V-VI kurslar üzrə - ass. Xəlilov Namiq Cavanşir oğlu
Tələbə dekanı – 221A1b qrup tələbəsi Baxşəliyev Eldar
Tələbə dekanı müavinləri
TEC sədri – 221A3a qrup tələbəsi İsmayılzadə Şəhriyar
THİK sədri – 223A1b qrup tələbəsi Şükürlü Aytac
TGT sədri – 222A2b qrup tələbəsi Həsənli Rüfət
Fakültənin YAP Gənclər Təşkilatının sədri – 223A5b qrup tələbəsi Mürsəlov Xəyal
Hazırda fakültənin nəzdində 17 kafedra fəaliyyət göstərir:
Fakültəyə daxil olan kafedralarda 464 nəfər professor-müəllim və texniki heyəti çalışır. Bunlardan 3 nəfəri AMEA-nın müxbir üzvü, 48 nəfəri elmlər doktoru-professor, 106 nəfəri elmlər namizədi-dosent, 164 nəfəri assistent, 14 nəfəri baş müəllimdir. Bunlardan ümumilikdə 332 nəfər professor-müəllim vəzifəsində çalışır.
Təlim-tərbiyə prosesinin uğurla həyata keçirilməsi işində professor-müəllim heyətinə 132 nəfər yardımçı personal kömək edir. Bunlardan da 57 nəfəri baş laborantdır.
Fakültədə gənc mütəxəssislərin hazırlanması işini yaxşılaşdırmaq üçün dekanlıq öz səlahiyyətləri daxilində bütün imkanlardan istifadə edərək tədrisin səmərəsinin yüksəldilməsinə çalışır.
2026/2027 tədris ili üzrə fakültədə 2552 tələbə təhsil alır. Təhsil alanlardan 586 nəfəri xarici ölkə vətəndaşlarıdır (Türkiyə, İran, İraq, Pakistan, Fələstin və s.). Hazırda fakültədə 37 nəfər tələbə Prezident təqaüdçüsü təhsil alır.
Fakültə əməkdaşları Respublikamızda və bir sıra xarici ölkələrdə - Türkiyə, Rusiya, İspaniya, Danimarka, İtaliya, Fransa, Hollandiya, Finlandiya, ABŞ, Kanada, İslandiyada, Özbəkistan, Tacikistan keçirilən elmi konfranslarda, konqreslərdə və simpoziumlarda iştirak edib məruzələrdə çıxış etmişlər.
Fakültənin fəaliyyət istiqamətlərindən biri də, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması prosesində tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması böyük əhəmiyyət kəsb edir. Bunun əsas formalarından biri də tələbə elmi cəmiyyətidir. Tələbələrin tədris fəaliyyətinin aktivləşməsində tələbə elmi cəmiyyətinin və onun dərnəklərinin rolunu nəzərə alaraq dekanlıq və kafedralar tələbələrin elmi işlərə cəlb edilməsinə diqqət və qayğı göstərirlər.
Elmi potensialın yaxşılaşdırılması və cavanlaşdırılması, təhsil müddətində qabailiyyətli tələbələri elmi-tədqiqat işlərinə cəlb etməyi tələb edir.
Tədrisin ilk günlərindən dekanlıq TEC-in işini nəzarət altına almış, tələbələri elmi işə cəlb etmək üçün məüyyən tədbirlər həyata keçirmiş və çalışmışdır ki, tələbələr başa düşsünlər ki, elmi-tədqiqat işləri onların gələcək inkişafında mühüm rol oynayacaqdır. Kafedralarımızın professor-müəllim heyətinin də TEC-in işində böyük rolu olmuşdur. Xüsusilə, Psixiatriya, Normal fiziologiya, Ailə təbabəti, II Mamalıq və ginekologiya, II Uşaq xəstəlikləri, Şüa diaqnostikası və terapiyası, Patoloji fiziologiya, Patoloji anatomiya kafedraları bu işdə daha fəal olmuş, həmin kafedralarda TEC-in işi yüksək səviyyədə qurulmuş, daha çox tələbə elmi işə cəlb edilmiş, aktual və maraqlı elmi işlər yerinə yetirilmişdir.
Hazırda fakültəmizdə TEC xətti ilə 100-dən çox tələbə elmi dərnəklərdə çalışırlar. Cari ildə fakültədə TEC-in konfransında 100-dən çox məruzə dinlənilmişdir. Onlardan bir çoxu beynəlxalq konfranslarda çıxış edərək universiteti təmsil etmiş, müvafiq yerlər tutmuş və sertifikatlarla təltif olunmuşdur. Bu tələbələrimizdən VI kurs tələbələri Həmid Səfərli, Leyla Səfərli, Zərifə Sultanova, Tünzalə Həsənova, V kurs tələbələri Meysam Ghanbari Saray, Əsmər Astanlı, Nuray Pənahova, III kurs tələbəsi Röyal Kazımov, II kurs tələbəsi Mehriban Vəliyeva 2026 - cı il 24 sentyabr Naxçıvanda keçirilən I Naxçıvan Beynəlxalq Tibb günlərində məruzələrlə çıxış etmişlər. Həmçinin fakültənin V kurs tələbəsi Əsmər Astanlı Koreyada keçirilən beynəlxalq tədqiqat proqramında Azərbaycanı uğurla təmsil edib. Bundan başqa Meysam Ghanbari Saray İspaniyanın Barcelona şəhərində 17 - 20 oktyabr 2026- cı il tarixlərində keçirilən UEG Week 2026 beynəlxalq konqresində fakültəmizi layiqincə təmsil etmişdir.