Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
II Uşaq xəstəlikləri kafedrası
Menular

« II  UŞAQ XƏSTƏLİKLƏRİ » KAFEDRASININ TARİXİ

Azərbaycanda   pediat­ri­yanın   inkişaf tarixi elmi köklərinə  əsaslanaraq   XX əsrin əvvəllərinə təsadüf edir. Respublika­mız­da ilk ali məktəb-universitet    1919-cu ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsi təsis edilmiş, 1930-cu ildən isə bu fakültə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu (ADTİ) kimi fəaliyyətini davam etdirmişdir.

1924-cü ildə İnstitutda ilk dəfə ilk olaraq  Pediatriya kafedrası yaradılmış və kafedraya professor A.İ.Karnitski rəhbərlik etmişdir. Bu dövr Azərbaycanda pediatriya elminin müstəqil sahə kimi formalaşmasının başlanğıcı hesab olunur. Sonrakı dövrlərdə Respublikamızda pediatriyanın inkişafında böyük xidmətləri olmuş professor Ə.F.Qarayev, Z.A.Hüseynbəyov və digər klinisistlər öz elmi-pedaqoji fəaliyyətlərini məhz həmin kafedrada başlamışlar. 

1930-cu ildə Ümumi Pediatriya kafedrası elmi və klinik fəaliyyətin genişlənməsi ilə əlaqədar olaraq iki müstəqil kafedraya  yaradılmışdır. Bunlardan biri uşaqların fiziologiyası və dietetikası kursu daxil olmaqla Kiçik yaşlı uşaqların xəstəlikləri kafedrası (müdiri professor Z.A.Hüseynbəyov), digəri isə professor Ə.F.Qarayevin  rəhbərlik etdiyi uşaq yoluxucu xəstəlikləri və vərəm kursu daxil olmaqla Böyük yaşlı uşaqların xəstəlikləri kafedrası idi. Bu kafedralar fəaliyyət göstərdikləri müddətdə həkim kadrlarının hazırlanmasında əsas rol oynamışlar.   

1945-ci ildə təsdiq edilmiş yeni tədris planı və ştat nizamnaməsinə müvafiq olaraq fakultənin mövcud profil kafedraları əsasında Fakultə pediatriyası (ilk müdiri prof. Ə.F.Qarayev), Hospital pediatriya (ilk müdiri dos.A.Əmircanov) və Uşaq xəstəliklərinin propedevtikası (ilk müdiri S.Hacıyeva)  kafedraları yaradılmışdır.

Ə.F.Qarayevin (kafedra müdiri müddəti 1930-1952) vəfatından sonra 1952-1963-cü illərdə Fakultə pediatriyası kafedrasına dosent Q.B.Bron rəhbərlik etmişdir. Sonrakı 7 il ərzində kafedra müdiri vəzifəsində dos. S.İ.Hacıyeva (1963-1970) təyin edilmişdir. 

 

1970-ci ildə Pediatriya fakultəsinin kafedralarının strukturunun təkmilləşdirilməsi məqsədilə bu  kafedra   iki müstəqil kafedraya bölünmüşdür I Uşaq xəstəlikləri kafedrası – kafedra müdiri akademik A.Ə.Namazova  (o, 1965–1970-ci illərdə Hospital pediatriya kafedrasının müdiri vəzifəsində də çalışmışdır) və  II Uşaq xəstəlikləri kafedrası – kafedra müdiri professor L. M.Hüseynova  təyin olmuşdur. 1970-ci ildə kafedranın müdiri vəzifəsinə seçilən prof. L.M.Hüseynova  bu vəzifədə 1987-ci ilə qədər işləmişdir. Onun kafedraya rəhbərlik etdiyi illərdə kafedranın əməkdaşları raxit, uşaqlarda tənəffüs sistemi xəstəlikləri və irsi xəstəliklər problemlərinə dair elmi – tədqiqat işləri aparmışlar.  Bu illər ərzində  prof. L.M.Hüseynovanın rəhbərliyi ilə iki cildlik «Uşaq xəstəlikləri» dərs vəsaiti çapdan çıxarılmışdır. 1987-ci ildə bu dərs vəsaitinə prof. T.H.Qurbanovun həmmüəllifliyi ilə III cild də əlavə edilmişdir.

1987-ci ildən 1989-cu ilə qədər  isə  «II Uşaq xəstəlikləri» kafedrasına prof. P.D.Kats   rəhbərlik edərək, əsasən  uşaqlarda allergik proseslər və tənəffüs sistemi xəstəlikləri problemləri ilə məşğul olmuşdur. Bu dövrlərdə kafedrada S.Haçıyeva, L.Axundova,T.Axundova, S.Əlikiçibəyova,  T.Qurbanov və s. kimi pediatrlar kafedrada çalışaraq , oz   elmi , təcrübi biliklərini  çavan həkimlər ilə paylaşmışdırlar.

1989-2017-ci illərdə  «II Uşaq xəstəlikləri» kafedrasının müdiri vəzifəsinə  ə.e.x.,prof. Əyyubova A.A. təyin olunmuşdur. O, Universitet  Tələbə  Elmi  Cəmiyyətinin elmi rəhbəri, pediatriya üzrə metodik komissiyanın sədri, Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Elmi  Cəmiyyətinin prezidenti, Azərbaycan  allerqoloq,  immunoloq və immunoreabilitoloqlar cəmiyyətinin prezidenti, MDB-ölkələrinin allerqoloq, immunoloq və immunoreabilitoloqlar cəmiyyətinin vitse-prezidenti, Beynəlxalq «İNTERASTMA» cəmiyyətinin rəyasət heyətinin üzvü, Moskvada nəşr olunan «Клиническая иммунология и аллергология» və «Astma» jurnalının redaksiya heyətinin üzvü, «Metabolizm» jurnalının rəyasət heyətinin üzvü, «Tibb» jurnalının redaksiya  şurasının üzvü, «Sağlam ol», Oftalmologiya» jurnallarının redaksiya heyətinin üzvü, bir sıra elmi şuraların üzvü, «Azərbaycan prezidenti yanında Ali Attestasiya komissiyasının tibb üzrə eksperti və s. olmuşdur. 2008-də Türk Dünyası Araşdırmaları Uluslar arası Elmlər Akademiyasının üzvü, həmin ildə Dünya Allerqologiya Təşkilatının üzvü seçilmişdir. 2009-cu ildə tibdə böyük xidmətlərinə görə  BMT-nin I dərəcəli «Hippokrat» ordeninə layiq görülmüşdür.

Bu müddət ərzində kafedrada tədris prosesini yüksək səviyyədə aparmaq üçün hər cür şərait yaradılmışdır; dərslərdə mövzu üzrə xəstələrin nümayiş  etdirilməsindən əlavə, müxtəlif əyani və texniki vəsaitlərdən (cədvəllər, slaydlar, videofilmlər və s.) istifadə edilir; kafedranın əməkdaşları müxtəlif xəstəliklər haqqında vidiofilmlər yaradılmasında bilavasitə iştirak edirlər. Burada Azərbaycan və rus dillərində tədris vəsaitləri, nümunəvi xəstəlik tarixləri hazırlanmışdır. Tələbələr nəzəri biliklərə yiyələnməklə yanaşı, xəstələrlə sərbəst işləyir, gecə növbəsində qalır, həftədə iki dəfə keçirilən subordinator  konfranslarında, klinikada keçirilən elmi-praktik konfranslarda iştirak edirlər. Hər il  tələbələr Tələbə Elmi Cəmiyyətinin konfranslarında  pediatriya ixtisası üzrə aktiv iştirak  edilər.

Professor A.A.Əyyubovanın rəhbərliyi altında 8 doktorluq, 30-dan artıq fəlsəfə doktoru  dissertasiyası müdafiə edilmişdir. Onun tələbələrindən səhiyyə sistemində uğurla çalışan professor K.M.Hacıyev, professor G.M.Nəsrullayeva, professor L.İ.Allahverdiyeva, professor H.H.Qabulov, professor R.İ.Məmmədova, professor N.H.Sultanova, t.e.d. G.Ə.Əhmədov, t.e.d. N.N.Hacıyeva və  onlarla digər alimləri göstərmək olar. Bununla yanaşı fəlsəfə doktoru  elmi dərəcəsi almaq üşün dissertasiyaları  təsdiqlətmiş əməkdaşlarda (t.ü.f.d. T.T.Panahova, t.ü.f.d.  M.K.Kərimova, t.ü.f.d. A.İ.Ağayeva, t.ü.f.d. S.M.Nəsirova, t.ü.f.d.  A.S.Süleymanlı, t.ü.f.d. S.T.Qənbərova, t.ü.f.d.  M.K.Eynalova və b.) pediatriyanın müxtəlif istiqamətləri üzrə dünyanın bir çox ölkələrində təkmilləşmə kurslarında fəal iştirak etməklə bərabər,  işlərini uğurla davam etdirirlər.

2016-cı ildə Azərbaycan Tibb Universitetində Pediatriya fakültəsinin ləğv edilməsi və Neonatologiya kafedrasının bağlanması ilə əlaqədar olaraq həmin kafedranın əməkdaşları II Uşaq xəstəlikləri kafedrasına təhkim edilmişdir. Bununla yanaşı, «Uşaq xəstəlikləri» fənnini tədris edən bütün kafedraların adları struktur baxımından dəyişdirilmiş və nəticədə üç kafedra formalaşdırılmışdır: müalicə-profilaktika və stomatologiya fakültələrində «Uşaq xəstəlikləri» fənnini tədris edən kafedra «I Uşaq xəstəlikləri» kafedrası (kafedra müdiri – professor N. Quliyev) adlandırılmış, digər kafedra «II Uşaq xəstəlikləri» kafedrası (kafedra müdiri – professor A. Əyyubova) kimi fəaliyyətini davam etdirmiş, əvvəlki «I Uşaq xəstəlikləri» kafedrasının adı isə dəyişdirilərək «III Uşaq xəstəlikləri» kafedrası (kafedra müdiri – akademik A. Namazova) olmuşdur.

2017-ci ilin dekabr ayında  isə «II Uşaq xəstəlikləri»«III  Uşaq xəstəlikləri»  kafedralarının birləşdirilməsi nəticəsində II Müalicə Profilaktika Fakultəsinin nəzdində «II  Uşaq xəstəlikləri» kafedrası  yaradılmişdir. Kafedra müdiri vəzifəsinə  SSRİ Tibb Elmləri (1971), Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (1983), Rusiya TEA-nın müxbir üzvü (1992), Azərbaycanın Əməkdar Elm Xadimi, Respublika Dövlət Mükafatı laureatı, Azərbaycan Pediatrlar Assosiasiyasının Prezidenti akademik Namazova A.Ə (2017-2020) təyin olunmuşdur. 

                

Kafedra fəaliyyət göstərdiyi dövrdə inkişaf etmiş, təşəkkül tapmış və Azərbaycan Tibb Universitetinin ən iri profil kafedrasına çevrilmişdir.Xəstə uşaqlara yüksək səviyyəli tibbi yardım göstərmək və tədrisin keyfiyyətini təkmilləşdirmək məqsədi ilə kafedranın yerləşdiyi Ə.F.Qarayev adına Bakı şəhəri 2 saylı klinik uşaq xəstəxanasının somatik şöbələri südəmər dövrün xəstəlikləri, kardiorevmatoloji, yeni doğulmuşların patologiyası-neonatologiya (1971), intensiv terapiya (1972) üzrə ixtisaslaşdırılmışdır. Onun uşaqlarda revmatizm, anadangəlmə ürək qüsurları, hipertoniya, hipotoniya və s. patologiyalara aid elmi yenilikləri pediatriya elminin inkişafına güclü təkan vermişdir.

Bu illər ərzində kafedrada elmi-pedaqoji kadrların hazırlanmasında akademik A,Ə.Namazova və prof. S.N.Musayevin rəhbərliyi ilə böyük işlər görülmüşdür. Dünya elminə inteqrasiyanın sürətləndirilməsi üçün beynəlxalq elmi əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə Azərbaycan Tibb Universitetinin «II Uşaq xəstəlikləri»  kafedrası, Rusiya Tibb Elmləri Akademiyasının Pediatriya ET İnstitutu, RTEA-nın Uşaq sağlamlığı Mərkəzi və ET bərpaedici  İnstitutu, I Moskva Tibb İnstitutu, Türkiyə Hacı Təpə institutu ilə qarşılıqlı müqavilə əsasında  kompleks elmi araşdırmalar aparılıb. Kafedra əməkdaşları Azərbaycandan başqa bir sıra beynəlxalq «Педиатрическая  фармакология», «Pediatriya» jurnallarının redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərirlər. 2013-cü il iyun ayında Azərbaycan Respublikası Pediatrlar Assosiasıyası Avropa Pediatrlar Assosiasıyasının böyük ailəsinə səs çoxluğu ilə qəbul olunmuşdur . Akademik Namazova A.Ə  zəhməti nəticəsində  40 ildən çoxdur ki, kafedra əməkdaşları Azərbaycan Respublikası Pediatrlar Assosiasıyasına rəhbərlik edir: assosiasıyanın prezidenti akademik Namazova A.Ə., vitse prezidenti əməkdar elm xadimi prof.Musayev S.N., icraçı direktoru tibb elmləri namizədi, dosent T.Q.Tağızadə təyin olunmuşdur. Cəmiyyət Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş, iki mindən çox pediatrı əhatə edir. Cəmiyyət Respublika Səhiyyə Nazirliyinin köməkliyi ilə sıx əlaqədə çalışır, vaxtaşırı təcrübi pediatrlar üçün yığıncaqlar, mühazirələr təşkil edirlər.

Akademik Namazova A.Ə  kafedraya rəhbərlik etdiyi müddətdə kafedrada revmatizm zamanı qalxanabənzər vəzin funksional vəziyyəti (Bayramov M.Ə.), lipid mübadiləsinin göstəriciləri (Quliyev R.,Nağıyev N.İ.), androgenlərin ekskresiyası (Ağayeva F.Ə., Qasımova Y.A.), kallikrein-kinin sistemin yenidoğulmuşlarda vəziyyəti (Şəfiyeva K.X.), xroniki tonzilliti və revmatizmi olan uşaqlarda tonzilloektomiyanın səmərəliliyini qiymətləndirməkdə klinik-laborator və bəzi immunobiokimyəvi göstəricilərin dinamikası (Pənahi M.Q.), 2-17 yaşlı sağlam uşaq və yeniyetmələrdə arterial təzyiqin normativlərini işləyib hazırlanması (Əsədullayeva D.Ə.), erkən yaşlı uşaqlarda pnevmoniyanın kəskin gedişində lipid mübadiləsinin dəyişilməsi və onun lipotrop dərmanlarla (linetol, vitamin «E» və s.) korreksiyası  (S.Əmirəliyev, T.Əliyeva), birincili hiper və hipotoniya xəstəliklərinin əmələ gəlməsində irsi, ekzo və endogen amillərin, xüsusilə mənfi emosional reaksiyaların  rolu (Hajıyev Ə.A.) , kallikrein-kinin sisteminin vəziyyəti (Musayev S.N.) öyrənilmiş və bu  istiqamətdə simpato-adrenal sistemin (SAS) funksional aktivliyinin öyrənilməsinə dair silsilə elmi işlər nəşr edilmişdir (Hacıyev Ə.A., Məmmədəliyeva Z.M.). Qan dövranı pozuntusu zamanı lipid mübadiləsinin pozuntuları mövzuda dissertasiyalar müdafiə olunub (Nağıyev N.İ.). Bununla yanaşı bu illər ərzində   uşaqlarda yuvenil artritlər zamanı osteoporoz riskinin öyrənilərək  (Musayev S.N., Əliyeva N.N.)  metodik tövsiyyələrin hazırlanması xüsusi əhəmiyyət kəsb edib.

Akademikin rəhbərliyi və məsləhətçiliyi ilə 10 doktorluq və 50-ə yaxın tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib, təsdiqlərini almışlar.Onlardan t.e.d. prof. Ə.A.Hacıyev, M.A.Bayramov, S.N.Musayev, N.İsrafilova, H.Ə. Qurbanov, Ə.Q. Həsənov   60-dan artıq alimin doktorluq və namizədlik dissertasiyası müdafiə etməsi onun yaratdığı elmi məktəbin bariz göstəricilərindəndir. Onun yetirmələri olan dosent N.A.Hacıyeva    , dosent F.M.Məmmədova, dosent  L.Ə.Hidayətova,dosent  Ü.K.Hacıyeva, ass.İ.A.Səfərova  və b. akademikin dəsti xətti ilə uğurla işlərini davam etdirirlər.

Kafedranın  professoru ,ə.e.x. S.N.Musayevin  rəhbərliyi ilə də həm elmi və həmdə müalicə sahəsində böyük işlər görülür. Beləki, 1980-cı illərin ortalarından kafedra İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının uşaq xəstəlikləri kafedrası ilə birlikdə uşaqlarda birləşdirici toxumanın diffuz xəstəliklərinin inkişaf mexanizminin, ayrı-ayrı orqanlarının zədələnmə xüşusiyyətlərinin öyrənilməsinə başlamışdır. Dünya pediyatriya elmində ilk dəfə olaraq sistem qırmızı qurd eşənəyi, sistemli sklerodermiya, dermatomiozit zamanı həzm orqanlarının dəyişiklikləri immuno-histokimyəvi səviyyədə öyrənilməsində, xəstəliklərin diaqnoz meyarlarına, müalicə taktikasına əlavələr edilməsində professor , ə.e.x. S.N. Musayev zəhməti əvəzolunmazdır . Professor , ə.e.x. S.N. Musayev rəhbərliyi ilə bir çox tibb  elmlər doktorları və eləcədə tibb üzrə fəlsəfə doktorları  (  dosent T.Q.Tağızadə, dosent S.N.Məmmədova, assistent N.S.Həsənova və s.) hazırlanaraq ,elmi dərəcələrin adlarına layiq görülmüşdürlər.

Kafedranın  professor-müəllim heyəti dövrü olaraq  Respublikamızda və  həm də müxtəlif xarici ölkələrdə keçirilən elmi konqres və konfranslarda iştirak edir, elmi məruzələrlə cıxışlar edirlər.

Akademik Namazova A.Ə.və fəlsəfə elmləri doktoru professor- fəlsəfə kafedrasının müdiri Əliyev Q. «Təbabət etikası» adlı ilk dərsliyi tərtib edib çapdan çıxarmışlar. YUNESKO-nun etika problemlərinə həsr olunmuş 18-ci Beynəlxalq konfransında bu dərsliyin mahiyyəti xüsusi qeyd edilərək bəyənilmiş və başqa dillərə tərcümə olunması tövsiyə edilmişdir.

Kafedrada A.Ə.Namazovanın rəhbərliyi ilə aşağıdakı monoqrafiyalar çapdan çıxmışdır: A.Ə.Namazova «Ürək çəpərində cərrahiyyə» əməliyyatı, 1967, «Ürək çəpərinin qüsurları» 1976, «Uşaq xəstəlikləri» dərslik 1972, A.Ə.Namazova, T.Qurbanov «Uşaqlarda qaraciyərin və öd yollarının xəstəlikləri ilə mübarizə və bu xəstəliklər zamanı qidalanmanın xüsusiyyətləri» 1979, A.Ə.Namazova, T.Qurbanov «Azərbaycan regionunda endokrin xəstəliklərin uşaqlarda xüsusiyyətləri» 1979, A.Ə.Namazova, Ə.A.Hacıyev «Uşaq və yeniyetmələrdə birincili hipotoniya» 1979, A.Ə.Namazova, A.Abdullayev, S.Quliyev «Pediatrın resept-məlumat kitabı» 1985, «Uşaqlarda ürək xəstəlikləri», «Təbabət etikası» (2001), Praktiki həkimlər və Tibb Universitetinin tələbələri və həkimləri maarifləndirmək üçün çox saylı metodik və dərs vəsaitlər çap olunub. Onlardan professor S.N.Musayevin yazıb, çap etdirdiyi «Revmatizmin uşaqlarda gediş xüsusiyyətləri» akademik Namazova A.Ə., t.e.n. Mustafayevin yazdıqları «Sağlam uşaqların qidalandırılması», «Uşaqlarda bruselyoz», «Uşaqlarda gecə enurezi», «Dəmirin orqanizmdə rolu, dəmir defisitli anemiyanın müalicə və profilaktikası» (2011) , N.N.Namazova, Ə.Q.Həsənov, S.N.Musayev, R.D.Quliyev, L.H.Hidayətov, M.S.Pənahova, X.C.Mustafayeva «Uşaqlarda  öd  kisəsi  və öd  yollarının xəstəlikləri», 2015və s. göstərmək olar.

Bununla yanaşı kafedra əməkdaşları tərəfindən «Uşaqlarda bronxial astmanın- Milli proqramı», «Bronxial astma» və  A.A.Əyyubova, H.H.Qabulov, N.H.Sultanova «Bronxoobstruksiyanın diaqnostikasında spirometriyanın rolu» 2011  barədə praktik həkimlər üçün tövsiyələr, dos. M.K.Kərimova«Tez-tez xəstələnən uşaqlar» 2011,  A.A.Əyyubova, H.H.Qabulov, N.H.Sultanova «Uşaq xəstəlikləri» klinik məsələlər 2012; A.A.Əyyubova, E.S.Səfərəliyeva, N.H.Sultanova, A.İ.Ağayeva «Uşaq poliklinikasının işinin təşkili» 2014 adlı dərs vəsaiti, A.A.Əyyubova, H.H.Qabulov, N.H.Sultanova, G.M.Nəsrullayeva «Childhood diseases , textbook for medical students» 2014 Dərslik  , A.A.Əyyubova, H.H.Qabulov, N.H.Sultanova «Uşaq xəstəlikləri» 2018 Dərslik, G.Ə.Əhmədov, A.A.Süleymanlı «Uşaqlarda tip-1 şəkərli diabet » adlı  vəsaitləri hazırlanmışdır.

Kafedranın əməkdaşları əhali arasında tibbi-gigiyenik biliklərin təbliğ edilməsində səhiyyə maarifinin inkişaf etdirilməsində ardıcıl olaraq radio, televiziya və mətbuat vasitəsilə çıxışlar edirlər.Eyni zamanda kafedranın əməkdaşları Azərbaycan Respublikasının bütün şəhər və rayonlarında ixtisaslaşmış həkim yardımı göstərir. Kafedranın əməkdaşlarının səhiyyənin müxtəlif sahələrində göstərdikləri fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək çoxsaylı təltiflərə, fəxri fərmanlara layiq görülmüşlər.

2021 – ci ildən «ΙΙ Uşaq xəstəlikləri» kafedrasına professor N.H.Sultanova rəhbərlik edir.