Heydər Əliyev
Bölmələrimiz
İnkişaf strategiyası

Təcili Tibb Kafedrasının əsas inkişaf strategiyası ölkədə təcili tibbi yardım sahəsində müasir nəzəri biliklərə, yüksək səviyyəli praktiki bacarıqlara və formalaşmış klinik təfəkkürə malik peşəkar mütəxəssislərin hazırlanmasına, həmçinin bu istiqamətdə tədris və elmi fəaliyyətin davamlı inkişafının təmin edilməsinə yönəlmişdir.

Təcili tibb üzrə tədris prosesinin əsas məqsədi tələbələrdə həyati təhlükə yaradan və təxirəsalınmaz müdaxilə tələb edən vəziyyətlərin vaxtında tanınması, xəstənin vəziyyətinin ilkin qiymətləndirilməsi, düzgün klinik qərarların qəbul edilməsi və təcili tibbi yardım tədbirlərinin ardıcıl və təhlükəsiz şəkildə həyata keçirilməsi üzrə kompetensiyaların formalaşdırılmasıdır.

Tədris prosesində müasir beynəlxalq təcrübənin tətbiqinə, klinik təfəkkürün inkişafına və praktiki bacarıqların real klinik şəraitdə möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verilir. Kafedranın tədris proqramının hazırlanması mərhələsində Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri ilə əməkdaşlıq edilmiş, ABŞ-nin təcili tibbi yardım sisteminə uyğun kurrikulum, təcrübə və müasir tədris metodologiyası öyrənilmişdir. Kafedra əməkdaşlarının Türkiyənin aparıcı universitetlərində nəzəri və praktiki hazırlıq keçməsi də beynəlxalq təcrübənin tədris prosesinə inteqrasiyasına imkan yaratmışdır.

Təcili tibb fənninin tədrisi tələbələrin hazırlıq səviyyəsinə uyğun olaraq nəzəri biliklərin praktiki bacarıqlara çevrilməsini təmin etməlidir. Bu məqsədlə simulyasiya əsaslı təlimlərdən, müasir tibbi manekenlərdən, təcili tibbi yardım avadanlıqlarından və digər praktiki təlim vasitələrindən yüksək səviyyədə istifadə olunur.

Tələbələrin praktiki hazırlığında klinik və prosedur bacarıqlarının mənimsənilməsi, xəstələrlə düzgün ünsiyyət və davranış, xəstənin ilkin qiymətləndirilməsi, həyati təhlükəli vəziyyətlərin tanınması, təcili müdaxilənin planlaşdırılması və həyata keçirilməsi mühüm yer tutur.

2025 - 2026 - cı tədris ilindən etibarən Müalicə-profilaktika fakültəsinin VI kurs tələbələri üçün Klinik təcrübə proqramı çərçivəsində real klinik şəraitdə “Təcili tibb” fənni üzrə praktiki bacarıqların mənimsənilməsi təmin edilir. Bu yanaşma tələbələrin nəzəri biliklərinin klinik praktikaya tətbiq edilməsinə, klinik qərarvermə bacarıqlarının inkişafına və real pasiyentlərlə işləmək təcrübəsinin formalaşdırılmasına xidmət edir.

Tədrisin əhatə dairəsinin genişləndirilməsi kafedranın inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. “Təcili tibb” fənninin Müalicə-profilaktika fakültəsinin IV kurs tələbələri ilə yanaşı, 2024–2025-ci tədris ilindən Hərbi-tibb fakültəsinin və Tibb bacılığı proqramının tələbələrinə tədris olunması bu istiqamətdə mühüm mərhələ olmuşdur. 2026–2027-ci tədris ilindən etibarən isə kafedranın tədris fəaliyyətinə rezident və magistrantların cəlb olunması təcili tibb üzrə ali tibb təhsilinin müxtəlif səviyyələrində davamlı hazırlıq imkanlarının genişləndirilməsinə şərait yaradır.

Kafedranın inkişafında tələbələrin yalnız hazır bilikləri mənimsəməsi deyil, müstəqil öyrənmə, elmi düşünmə və müasir tibbi məlumatları təhlil etmək bacarıqlarının formalaşdırılması da mühüm istiqamətdir. Bu baxımdan təcili tibb sahəsində elmi-tədqiqat fəaliyyətinin inkişaf etdirilməsi, müasir elmi yanaşmaların tədris prosesinə inteqrasiyası və beynəlxalq elmi əməkdaşlıqların genişləndirilməsi nəzərdə tutulur.

Kafedranın elmi fəaliyyətinin əsas istiqamətlərindən biri süni intellekt və sağlamlıq texnologiyalarının təcili tibb sahəsində tətbiqidir. Bu istiqamətdə süni intellekt və müasir texnologiyaların klinik qərarvermə, diaqnostika və xəstələrin idarə olunmasında tətbiq imkanlarının araşdırılması, onların praktik faydalarının, maliyyə səmərəliliyinin və inkişaf perspektivlərinin qiymətləndirilməsi əsas məqsədlərdən biridir.

Elmi-tədqiqat fəaliyyətinin digər istiqamətlərindən biri toksikologiya və zəhərlənmələr sahəsidir. Azərbaycanda zəhərlənmələrin statistik və klinik xüsusiyyətlərinin öyrənilməsi, xüsusilə sirkə turşusu ilə zəhərlənmələrin ağırlıq dərəcəsinin və ürək-damar sistemi tərəfindən erkən təzahürlərinin araşdırılması, təcili yardım mərhələsində instrumental və laborator göstəricilərin qiymətləndirilməsi kafedranın elmi fəaliyyət istiqamətlərindəndir.

Kafedra əməkdaşlarının yerli və beynəlxalq konfranslarda, elmi tədbirlərdə, təlimlərdə və müxtəlif peşəkar layihələrdə iştirakının dəstəklənməsi elmi və pedaqoji potensialın inkişafının mühüm tərkib hissəsidir. Beynəlxalq təcrübənin öyrənilməsi və əldə olunan biliklərin tədris prosesinə tətbiqi kafedranın təhsil keyfiyyətinin davamlı yüksəldilməsinə xidmət edir.

Təcili Tibb Kafedrasının strateji inkişafında klinik bazalar və təcili tibbi yardım strukturları ilə əməkdaşlığın gücləndirilməsi, tələbə və dinləyicilərin real klinik şəraitdə praktiki hazırlığının genişləndirilməsi, simulyasiya əsaslı tədrisin daha da inkişaf etdirilməsi və müasir tədris texnologiyalarının tətbiqinin artırılması əsas istiqamətlərdən biri kimi nəzərdə tutulur.

Təcili tibb təhsilinin müxtəlif səviyyələri arasında davamlılığın təmin edilməsi, bakalavriat səviyyəsində formalaşdırılan baza bilik və bacarıqların klinik təcrübə, magistratura və rezidentura səviyyələrində daha da inkişaf etdirilməsi kafedranın uzunmüddətli inkişafının əsas istiqamətlərindəndir.

Təcili Tibb Kafedrasının inkişaf strategiyasının əsas məqsədi müasir tələblərə cavab verən, klinik təfəkkürə malik, təxirəsalınmaz vəziyyətlərdə düzgün və vaxtında qərar qəbul edə bilən, praktiki və prosedur bacarıqları formalaşmış, elmi düşüncəyə və davamlı peşəkar inkişafa yönəlmiş mütəxəssislərin hazırlanmasına xidmət edən müasir təhsil və elmi mühitin yaradılmasıdır.

Təcili tibbi yardım sahəsində beynəlxalq standartların və qabaqcıl təcrübələrin öyrənilməsi, innovativ texnologiyaların tətbiqi, simulyasiya və klinik təlim imkanlarının genişləndirilməsi, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və müxtəlif təhsil səviyyələri arasında inteqrasiyanın təmin edilməsi kafedranın davamlı inkişafının əsas istiqamətlərini təşkil edir.