Mövzunun adı. Qadınlarda reproduktiv potensialın qorunması və hamiləliyin fəsadlı gedişində ana və dölün mühafizə tədbirlərinin optimallaşdırılması
Problem. Ana və qadın sağlamlığının qorunması, reproduktiv potensialın yüksəldilməsi, hamiləlik və doğuşla bağlı ağırlaşmaların azaldılması, eləcə də ginekoloji və onkoginekoloji xəstəliklərin erkən diaqnostika və profilaktikasının təkmilləşdirilməsi
Mövzunun aktuallığı.
Müasir dövrdə qadınların reproduktiv sağlamlığının qorunması, ana və perinatal ölüm göstəricilərinin azaldılması səhiyyə sisteminin prioritet istiqamətlərindən biridir. Hamiləlik, doğuş və zahılıq dövrlərində yaranan ağırlaşmalar, ginekoloji və onkoginekoloji xəstəliklərin artan tezliyi, eləcə də bu patologiyaların gec diaqnostikası ana və döl sağlamlığı üçün ciddi risklər yaradır. Bu baxımdan mamalıq-ginekologiya sahəsində elmi əsaslandırılmış, sübuta əsaslanan yanaşmaların işlənib hazırlanması xüsusi aktuallıq kəsb edir.
Son illərdə ana ölümünün səbəblərinin strukturunda regional fərqlər, dölün inkişaf ləngiməsi, yararsız uşaqlıq çapığı, istmosel, ağır hamiləlik toksikozları, qalxanabənzər vəz disfunksiyaları, eləcə də dəmir defisitli anemiya kimi hallar mühüm yer tutur. Bununla yanaşı, endometriumun hiperplastik prosesləri və polipləri, uşaqlıq boynu patologiyaları və onkogen Human papillomavirus infeksiyası qadınlarda reproduktiv funksiyanın pozulmasına və onkoloji risklərin artmasına səbəb olur. Sadalanan problemlərin vaxtında aşkarlanması və proqnozlaşdırılması müasir diaqnostik və molekulyar-genetik üsulların tətbiqini zəruri edir.
Eyni zamanda, qadınların həyat keyfiyyətinə birbaşa təsir edən seksual disfunksiyalar, cərrahi müdaxilələrdən sonra uzunmüddətli funksional diskomfort və psixososial aspektlər mamalıq-ginekoloji praktikanın aktual məsələlərindəndir. Bu sahədə kompleks klinik, laborator və instrumental tədqiqatların aparılması, müxtəlif müalicə və cərrahi yanaşmaların müqayisəli təhlili praktik səhiyyə üçün əhəmiyyətlidir.
Tədqiqatın məqsədi.
Tədqiqatın əsas məqsədi qadınların reproduktiv sağlamlığının qorunması və yaxşılaşdırılması, ana və perinatal ağırlaşmaların azaldılması istiqamətində mamalıq-ginekologiya sahəsində aktual klinik problemlərin kompleks şəkildə öyrənilməsi, risk amillərinin müəyyən edilməsi, erkən diaqnostika və proqnozlaşdırma meyarlarının təkmilləşdirilməsi, eləcə də sübuta əsaslanan profilaktik, diaqnostik və müalicəvi yanaşmaların işlənib hazırlanmasından ibarətdir.
Tədqiqat çərçivəsində ana ölümü, dölün inkişaf ləngiməsi, qeyri-kafi uşaqlıq çapığı və istmosel, ağır hamiləlik toksikozları və endokrin pozulmalar, dəmir defisitli anemiya, endometriumun hiperplastik prosesləri və polipləri, uşaqlıq boynu patologiyaları, onkogen Human papillomavirus infeksiyası, eləcə də ginekoloji cərrahiyyə və digər tibbi müdaxilələrdən sonra reproduktiv və seksual funksiyanın pozulması kimi hallar üzrə klinik, laborator, instrumental və molekulyar-genetik göstəricilərin müqayisəli təhlilinin aparılması nəzərdə tutulur.
Tədqiqatın vəzifələri.
Tədqiqat işinin obyekti.
Reproduktiv yaşda olan, hamiləlik, doğuş və zahılıq dövrlərində müşahidə olunan ağırlaşmalarla müraciət edən, eləcə də müxtəlif ginekoloji patologiyaları olan, ginekoloji əməliyyat keçirən qadınlar.
Tədqiqat üsulları.
Klinik müayinə üsulları, laborator üsullar – hematoloji, biokimyəvi, hormonal, immunoloji, sitoloji və molekulyar-genetik analizlərin aparılması. Instrumental müayinə üsulları – USM, dopplerometriya, kolposkopiya, histeroskopiya. Morfoloji və histoloji üsullar, sosioloji üsullar – standartlaşdırılmış sorğu vərəqləri və klinik şkalalar (FSFI, VAS və s.) vasitəsilə həyat keyfiyyəti və seksual funksiyanın qiymətləndirilməsi, statistik üsullar.
Açar sözlər. Ana ölümü, dölün inkişaf ləngiməsi, endometriumun hiperplaziyası və polipləri. qadınların reproduktiv sağlamlığı, perinatal ağırlaşmalar, hamiləliyin fəsadları, uşaqlıq boynu xəstəlikləri, Human papillomavirus (HPV), molekulyar-genetik tədqiqatlar, ginekoloji cərrahiyyə, seksual disfunksiya, həyat keyfiyyəti, istmosel, çapıq, anemiya, gen polimorfizmi.
Elmi yenilik. İlk dəfə olaraq AR-da ana ölümü göstəricilərinin regional xüsusiyyətləri, risk amilləri, strukturunu təşkil edən patologiyalar və ana öıümünün azaldılma yolları göstəriləcəkdir. Dölün inkişaf ləngiməsi, onun prediktorları və proqnozlaşdırılması, endometriumun hiperplastik proseslərinin diaqnostikası və proqnozlaşdırılmasında uşaqlıq epitelial hüscerə polarizə genlərinin rolu göstəriləcəkdir, uşaqlıq boynu patologiyalarının diaqnostikasında multimodal yanaşmanın tətbiqi, onkogen Human papillomavirus infeksiyasının profilaktikası, uşaqlıq çapığının keyfiyyətinə təsir edən amillər, istmosel, dəmir defisitli anemiyada gen polimorfizmi, ginekoloji əməliyyatlardan sonra seksual disfunksiyalar, eləcə də hamiləliyin ağır toksikoz formaları və qalxanabənzər vəz disfunksiyaları kimi səhiyyə üçün aktual problemlər kompleks şəkildə tədqiq ediləcəkdir.
Gözlənilən nəticələr. Təqdim edilən elmi-tədqiqat mövzularının həyata keçirilməsi ana və qadın sağlamlığının qorunmasına yönəlmiş profilaktik, diaqnostik və müalicəvi tədbirlərin təkmilləşdirilməsinə, mamalıq-ginekoloji yardımın keyfiyyətinin artırılmasına və Azərbaycan Respublikasının səhiyyə sistemində prioritet istiqamətlərin elmi əsaslarla inkişafına mühüm töhfə verəcəkdir.
Elmi-praktiki əhəmiyyəti. Əldə olunacaq nəticələr əsasında praktik səhiyyə üçün əhəmiyyətli olan erkən aşkarlama alqoritmlərinin, risk stratifikasiyası mexanizmlərinin və differensial yanaşmaya əsaslanan müalicə-profilaktika tədbirlərinin formalaşdırılması, mamalıq-ginekoloji yardımın keyfiyyətinin yüksəldilməsi və səhiyyə sistemində tətbiq imkanlarının genişləndirilməsi hədəflənir.
Tədqiqatın yerinə yetiriləcək yer. Azəərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası
İşin başlama vaxtı. 2025
İşin bitirmə vaxtı. 2029
İşin müddəti. 5 il
Elmi-tədqiqat işləri müasir klinik, laborator, instrumental, molekulyar-genetik və statistik metodlardan istifadə edilməklə mərhələli şəkildə aparılacaqdır. Tədqiqatların nəticələri əsasında risk amillərinin müəyyən edilməsi, erkən diaqnostika meyarlarının təkmilləşdirilməsi, müalicə və profilaktik tədbirlərin optimallaşdırılması, həmçinin praktik səhiyyədə tətbiq oluna bilən elmi cəhətdən əsaslandırılmış klinik və təşkilati tövsiyələrin hazırlanması nəzərdə tutulur.
Planın icrası ana və perinatal ölümün azaldılmasına, qadınların reproduktiv sağlamlığının yaxşılaşdırılmasına, mamalıq-ginekoloji yardımın keyfiyyətinin yüksəldilməsinə və milli səhiyyə sistemində sübuta əsaslanan tibbi yanaşmaların tətbiqinin genişləndirilməsinə xidmət edəcəkdir. Alınacaq elmi nəticələrin səhiyyə müəssisələrinin praktik fəaliyyətində tətbiqi Azərbaycan Respublikasının səhiyyə siyasətinin prioritet istiqamətlərinə uyğun olaraq əhalinin sağlamlığının qorunmasına mühüm töhfə verəcəkdir.