

Azərbaycan Tibb Universitetinin (ATU) həkim-rezidentlərinin fəal iştirakı ilə hazırlanan növbəti elmi tədqiqat işi təbabət sahəsində dünyanın aparıcı nəşrlərindən olan və "Oxford University Press" tərəfindən buraxılan "Rheumatology" (Q1 kateqoriyalı) jurnalında işıq üzü görüb.
"Familial Mediterranean fever in Azerbaijani children: a nationwide cohort study of genotype–phenotype association" ("Azərbaycanlı uşaqlarda Ailəvi Aralıq Dənizi Qızdırması: genotip-fenotip əlaqəsinin ölkəmiqyaslı kohort tədqiqatı") adlı məqalənin birinci müəllifi uşaq revmatoloqu Vəfa Quliyevadır. Tədqiqat ölkəmizdə uşaqlar arasında Ailəvi Aralıq Dənizi Qızdırması (FMF) xəstəliyinin genetik xüsusiyyətlərini və kliniki gedişatını əhatə edən ilk və ən böyük ölkəmiqyaslı kohort araşdırmasıdır.
Tədqiqat işində 349 pasiyentin klinik-genetik göstəriciləri analiz edilib, MEFV geni mutasiyalarının yayılması və xəstəliyin gedişatına təsiri dərindən araşdırılıb.
Tədqiqatın icrasında və elmi məlumatların toplanılmasında ATU rezidentləri- Rəşad Abızadə, Gövhər Verdiyeva, Leyla Səhratova ilə yanaşı, müxtəlif tibb müəssisələrini təmsil edən gənc həkim-rezidentlər də yaxından iştirak ediblər.
