Azərbaycan Tibb Universitetində (ATU) tələbələrin sağlamlığının qorunmasına yönəlmiş profilaktik aksiya tələbələrin fəallığı və böyük marağı ilə davam edir. Aksiyanın əsas məqsədi tələbələr arasında profilaktik müayinələrin əhəmiyyətinə diqqəti artırmaq, ürək-damar və tənəffüs sistemi ilə bağlı risk faktorlarını erkən müəyyənləşdirmək və sağlam həyat tərzi barədə məlumatlılığı gücləndirməkdir.
Ümumdünya Ağciyər Gününə həsr olunan 6 günlük aksiya çərçivəsində 18–35 yaş arası tələbələr universitetin Tədris-Terapevtik Klinikasında ürək-damar və tənəffüs sisteminin əsas göstəricilərini əhatə edən tibbi müayinələrdən ödənişsiz yararlanırlar.
Aksiya zamanı iştirakçılara EKQ, spirometriya, arterial təzyiq və ürək-damar göstəricilərinin qiymətləndirilməsi, laborator müayinələr və biomarkerlərin təyini, həmçinin qısa sağlamlıq sorğusu ödənişsiz təqdim olunur. Müayinələrin nəticələrinə əsasən diqqət tələb edən hallar müəyyənləşdirildikdə tələbələrə əlavə tibbi qiymətləndirmə ilə bağlı müvafiq istiqamətləndirmə verilir.
Aksiyaya tələbələrin fəal şəkildə qoşulması onların öz sağlamlıqlarına diqqətinin və profilaktik müayinələrə marağının artdığını göstərir. Tələbələr müayinələrdən keçməklə sağlamlıq göstəriciləri barədə ilkin məlumat əldə edir, risk faktorlarının vaxtında müəyyənləşdirilməsinə imkan yaradırlar. Həmçinin tələbələrin aksiyaya göstərdiyi maraq sağlamlığın qorunması və xəstəliklərin profilaktikasına yönəlmiş bu cür təşəbbüslərin onlar üçün əhəmiyyətini bir daha nümayiş etdirir.
Pulsuz müayinələr 26 sentyabradək davam edəcək.