Heydər Əliyev
Afinada 3000 mütəxəssisin arasından seçildi – ATU professoru EACMFS səfiri oldu

Afinada 3000 mütəxəssisin arasından seçildi – ATU professoru EACMFS səfiri oldu

Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndə heyəti Afinada keçirilən Avropa Kəllə-Çənə-Üz Cərrahları Konqresində (EACMFS) geniş tərkibdə iştirak edib.

ATU-nun Ağız və Üz-çənə Cərrahiyyəsi kafedrasının müdiri, Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin (AzOMFS) sədri, professor Çingiz Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyətində kafedranın dosenti Toğrul Əliyev, assistentlər Eldar Fərəcov, Rafiq İbrahimov, Elmar Əliyev, Bilal Əliyev və doktorant Günel Əliyeva təmsil olunublar.

Ağız və üz-çənə cərrahiyyəsi üzrə dünyanın aparıcı elmi-praktik platformalarından biri olan EACMFS-də 100-dən çox ölkədən 3000-dən artıq mütəxəssis bir araya gəlib.

Konqresin əsas məruzəçiləri sırasında yer alan professor Ç.Rəhimov üz-çənə nahiyəsinin travmatik zədələnmələri zamanı orbitanın rekonstruksiyasına dair müəllif yanaşmasını təqdim edib. Elmi məruzədə funksional və estetik nəticələrin yaxşılaşdırılmasına imkan verən müasir cərrahi yanaşmalar diqqətə çatdırılıb. Professor, həmçinin “Dayanıqlı Ağız və Üz-çənə Cərrahiyyəsi” sessiyasına moderatorluq edib. Sessiya çərçivəsində onun rəhbərliyi ilə tətbiq olunan “Yaşıl Klinika” konsepsiyasının praktiki təcrübəsi beynəlxalq mütəxəssislərin diqqətinə təqdim olunub. Müzakirələrdə səhiyyədə ekoloji dayanıqlılıq, resurslardan səmərəli istifadə, tibbi tullantıların azaldılması və rəqəmsal texnologiyaların tətbiqi kimi aktual məsələlər müzakirə edilib.

Konqres ATU professoru üçün daha bir mühüm beynəlxalq platformaya çevrilib. O, 18 mütəxəssisdən biri kimi ixtisaslaşmış tədris kursu – “Master class” keçirmək hüququ əldə edib. Professorun rəhbərliyi ilə keçirilən kurs zamanı müasir cərrahi yanaşmalar və praktiki klinik məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ATU nümayəndə heyətinin digər üzvləri də konqresin elmi proqramında fəal iştirak ediblər. Toğrul Əliyev, Eldar Fərəcov, Rafiq İbrahimov, Elmar Əliyev və Günel Əliyeva ağız və üz-çənə cərrahiyyəsinin aktual istiqamətlərinə həsr olunmuş elmi təqdimatlarla çıxış ediblər.

Konqresin yekununda ATU professoru, AzOMFS sədri Çingiz Rəhimov EACMFS səfiri statusuna layiq görülüb. Onun səfir statusuna layiq görülməsi Azərbaycan ağız və üz-çənə cərrahiyyəsi məktəbinin beynəlxalq peşəkar mühitdə təmsilçiliyi baxımından diqqətçəkən hadisə olub.

EACMFS səfiri statusu Avropa Kəllə-Çənə-Üz Cərrahları Assosiasiyası ilə milli peşəkar cəmiyyətlər arasında əməkdaşlığın inkişafına, elmi əlaqələrin genişləndirilməsinə və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verən mütəxəssislərə təqdim olunur.

Ümumilikdə ATU nümayəndə heyətinin Afinada keçirilən konqresdə iştirakı universitetdə ağız və üz-çənə cərrahiyyəsi sahəsində aparılan elmi-tədqiqat və klinik fəaliyyətin beynəlxalq peşəkar auditoriyaya təqdim edilməsi baxımından əhəmiyyətli olub. Elmi təqdimatlar, moderatorluq fəaliyyəti və Master Class formatında tədris proqramının təşkili ATU mütəxəssislərinin beynəlxalq elmi platformalarda fəal iştirakını nümayiş etdirib.

Qeyd edək ki, iki ildən bir keçirilən EACMFS Baş Assambleyası ağız və üz-çənə cərrahiyyəsi üzrə elmi yeniliklərin, qabaqcıl klinik təcrübənin və ixtisasın inkişaf istiqamətlərinin müzakirə olunduğu mühüm beynəlxalq tədbirlərdən biridir. Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti də beynəlxalq elmi əməkdaşlıq çərçivəsində bu tədbirlərdə iştirak edir.

 

Paylaş

Dostlarınız ilə paylaşın.