
Azərbaycan Tibb Universitetində (ATU) doktoranturaya qəbul üzrə ixtisas imtahanları uğurla başa çatıb. Qəbulun bütün mərhələləri müəyyən edilmiş qaydalara uyğun, obyektivlik və şəffaflıq prinsipləri əsasında təşkil olunub.
Sentyabrın 14-dən 18-dək keçirilən ixtisas imtahanları 22 ixtisası əhatə edib və 46 namizəd iştirak edib. İmtahan prosesində namizədlərin bilik və hazırlıq səviyyəsinin obyektiv qiymətləndirilməsi təmin olunub.
Bu il ATU-da doktoranturaya qəbul üçün 68 nəfər qeydiyyatdan keçib. Xarici dil və fəlsəfə imtahanlarını uğurla keçən 46 namizəd ixtisas imtahanlarında iştirak hüququ qazanıb.
Beləliklə, doktoranturaya qəbul üzrə imtahan mərhələləri uğurla yekunlaşıb.
