Heydər Əliyev
ATU-da yeni tədris modeli: Anatomiya və Radiologiya bir mühazirədə birləşdi

ATU-da yeni tədris modeli: Anatomiya və Radiologiya bir mühazirədə birləşdi

Azərbaycan Tibb Universitetində (ATU) tədrisin müasir tələblərə uyğunlaşdırılması məqsədilə yeni təşəbbüsə başlanılıb. İlk dəfə İnsan anatomiyası və tibbi terminologiya kafedrası ilə Radiologiya kafedrası arasında inteqrativ tədris modelinin tətbiqinə və əməkdaşlıq çərçivəsində birgə mühazirələrin təşkilinə start verilib. 

Yeni tədris yanaşmasının əsas məqsədi tələbələrin anatomiya üzrə nəzəri biliklərini radioloji görüntülər və praktik yanaşmalarla əlaqələndirərək daha bütöv şəkildə mənimsəməsinə imkan yaratmaqdır. Belə inteqrasiya ayrı-ayrı fənlər üzrə əldə olunan biliklərin qarşılıqlı əlaqədə təqdim edilməsinə və tələbələrin nəzəri-praktik düşünmə bacarıqlarının inkişafına şərait yaradır.
Birgə mühazirələr zamanı müasir tibbi texnologiyaların, o cümlədən rentgen və digər radioloji imkanların tətbiqi ilə anatomik biliklərin praktiki müstəvidə izahına xüsusi diqqət yetirilir. Əsasən anatomik quruluş radioloji görüntülər üzərindən izah edilir. Bu yanaşma tələbələrə insan orqanizminin anatomik quruluşunu radioloji görüntülərlə əlaqələndirmək və nəzəri bilikləri praktik nümunələr üzərindən möhkəmləndirmək imkanı verir.

İnteqrativ əməkdaşlıq İnsan anatomiyası və tibbi terminologiya kafedrasında əməkdar elm xadimi, məsləhətçi professor Vaqif Şadlinski, kafedra müdiri, professor Nəriman Mövsümov və Radiologiya kafedrasının müdiri, professor Məlahət Sultan tərəfindən həyata keçirilir. 

ATU-da tətbiqinə başlanılan bu model iki ixtisaslaşmış kafedranın tədris imkanlarının birləşdirilməsi baxımından yeni addım kimi diqqət çəkir. Fənlərarası inteqrasiyanın tətbiqi tələbələrin bilikləri yalnız ayrı-ayrı mövzular çərçivəsində deyil, onların qarşılıqlı əlaqəsini nəzərə alaraq mənimsəməsinə yönəlib.

Universitetdə yeni tədris ilində həyata keçirilən layihənin gələcəkdə digər fənlər və kafedralar arasında elmi-təcrübi əməkdaşlığın genişləndirilməsinə imkan yaradacağı gözlənilir.


 

Paylaş

Dostlarınız ilə paylaşın.