
Azərbaycan Tibb Universitetinin (ATU) Ortopedik stomatologiya kafedrasının assistenti Narin Babayevanın elmi və peşəkar fəaliyyəti beynəlxalq səviyyədə daha bir mühüm mərhələyə yüksəlib. ATU əməkdaşı 54 ölkəni əhatə edən genişmiqyaslı endodontik tədqiqatın müəlliflər qrupunda yer alıb və araşdırmanın nəticələri “Journal of Endodontics” jurnalında dərc olunub.
N.Babayevanın digər mühüm nailiyyəti isə European Society of Endodontology (ESE) tərəfindən “Certified member” statusu ilə üzvlüyə qəbul edilməsidir.
Bu iki nailiyyət ATU əməkdaşının endodontiya sahəsində beynəlxalq elmi əməkdaşlıqda və peşəkar inkişafda fəal iştirakını nümayiş etdirir.
ATU əməkdaşının yer aldığı “The global periapical health study: a big data CBCT analysis of periapical pathology across 54 countries” adlı tədqiqat konus-şüalı kompüter tomoqrafiyası (CBCT) əsasında periapikal patologiyanın qlobal yayılmasını araşdırır.
N.Babayevanın digər beynəlxalq nailiyyəti olan ESE-nin “Certified member” statusu mütəxəssisin endodontiya sahəsində müəyyən edilmiş peşəkar və akademik meyarlara cavab verdiyini təsdiqləyir. O, bu statusu əldə edən ilk azərbaycanlı mütəxəssisdir.
ESE çərçivəsində üzvlük mütəxəssisin endodontiya sahəsində peşəkar inkişafı və beynəlxalq elmi-professional mühitə inteqrasiyasını dəstəkləməklə yanaşı, beynəlxalq elmi və peşəkar tədbirlərdə iştirak, sahə üzrə yenilikləri izləmək və əldə olunan müasir elmi biliklərdən klinik fəaliyyət və tədris prosesində istifadə etmək baxımından əhəmiyyətlidir.