
Azərbaycan Tibb Universitetində (ATU) səriştəəsaslı təhsil modelinin inkişaf etdirilməsi və beynəlxalq standartların tədris prosesinə tətbiqi istiqamətində təlimlər keçirilib.
7–11 sentyabr 2026-cı il tarixlərində ATU-nun Tədris işləri üzrə prorektorluğunun nəzdində yaradılmış işçi qrupun təşəbbüsü, Tibb və sağlamlıq elmləri təhsili kafedrasının əməkdaşlarının dəstəyi ilə təşkil olunan təlimlərə universitetin klinik kafedralarının nümayəndələri cəlb olunub.
Təlimlərin əsas məqsədi tələbələrdə klinik düşünmə və təhlil bacarıqlarının inkişaf etdirilməsi, eləcə də klinik bacarıqların beynəlxalq standartlara uyğun, vahid və obyektiv meyarlar əsasında qiymətləndirilməsi yanaşmalarının tədris prosesinə inteqrasiyası olub.
Təlim proqramı çərçivəsində iştirakçılara klinik bacarıqların qiymətləndirilməsinin beynəlxalq prinsipləri, müasir qiymətləndirmə metodları və onların praktik tətbiqi barədə ətraflı məlumat verilib. İştirakçılara qiymətləndirmə prosesinin standartlaşdırılmasına və obyektivliyinin təmin edilməsinə xidmət edən müvafiq standartlar, qiymətləndirmə formaları, nümunələr, şablonlar və metodik materiallar təqdim olunub.
Praktiki məşğələlər və müzakirələr zamanı qiymətləndirmə alətlərinin klinik kafedralarda tətbiqi, müəllimlər arasında vahid qiymətləndirmə meyarlarının formalaşdırılması və tələbələrin klinik bacarıqlarının sistemli şəkildə izlənilməsi məsələlərinə xüsusi diqqət yetirilib.
Təlimlər çərçivəsində, həmçinin beynəlxalq standartlara əsaslanan qiymətləndirmə yanaşmalarının klinik təhsilin keyfiyyətinə təsiri və onların tələbələrin peşəkar hazırlığının inkişafında rolu müzakirə olunub.
Qeyd edək ki, klinik bacarıqların səriştəəsaslı və standartlaşdırılmış şəkildə qiymətləndirilməsi tələbələrin yalnız nəzəri biliklərinin deyil, eyni zamanda klinik düşünmə, qərarvermə, praktiki bacarıq və peşəkar yanaşmalarının kompleks şəkildə dəyərləndirilməsinə imkan verir.
ATU-da bu istiqamətdə həyata keçirilən tədbirlər klinik təhsildə qiymətləndirmə prosesinin şəffaflığının və obyektivliyinin artırılmasına, müəllimlər arasında vahid qiymətləndirmə yanaşmasının formalaşdırılmasına və beynəlxalq təcrübənin tədris prosesinə inteqrasiyasına xidmət edir.