
Ziyalı keyfiyyətləri ilə həyatı mənalandıran, aqil və müdrik insanlar cəmiyyətimiz üçün bəşər tarixi boyu nümunə olublar. Belə ünlü şəxsiyyətlərin zəngin həyat yolu, elmi və pedoqoji fəaliyyətləri , insani keyfiyyətləri yalnız yaşadıqları dövr üçün deyil, gələcək nəsillər üçün də kamil və yetkin bir məktəbə çevrilmişdir. Onların qoyub getdikləri irs zaman keçdikcə öz əhəmiyyətini itirmir, əksinə, yeni nəsillərin formalaşmasına xidmət edən əbədi bir məktəbə çevrilir.
Akademik Adilə Namazovanın həyat və yaradıcılıq yolu məhz bu cür alim şəxsiyyətlərə xas olan elmi ardıcıllığın, pedaqoji fədakarlığın və yüksək ziyalılığın parlaq nümunəsidir. Onun şəxsiyyətində alimlik, müəllimlik və insanlıq məfhumları vahid bir mənəvi bütövlük təşkil edir.
Akademik Adilə Namazovanın 100 illik yubileyinin tarixi əhəmiyyəti onun zəngin irsinin müasir Pediatriyanın inkişafında öz aktuallığını saxlanılması ilə müəyyən olunur. Müasir dövrdə Azərbaycan səhiyyəsinin prioritet istiqamətləri sırasında uşaq sağlamlığının qorunmasına elmi-konseptual yanaşma, pediatrik xidmətin elmi dəlillərə əsaslanan prinsiplər əsasında təkmilləşdirilməsi, tibbi kadrların hazırlanmasında yüksək peşəkarlıq, intizam və humanist dəyərlərin vəhdətinin təmin edilməsi xüsusi rol oynayır. Bu səbəbdən , Akademik Adilə Namazovanın yaratdığı elmi məktəbin və ənənələrin gələcək nəsillərə ötürülməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, onun elmi baxışları və irəli sürdüyü fundamental prinsiplər bu gün də öz aktuallığını qoruyur.
Bu baxımdan, Akademik Adilə Namazovanın 100 illik yubileyi yalnız görkəmli alimin həyat və fəaliyyətinə ehtiramın ifadəsi deyil, eyni zamanda onun zəngin elmi irsinin müasir tibb elmi və səhiyyə sistemi üçün əhəmiyyətinin yenidən dəyərləndirilməsi, elmi ənənələrin davamlılığının təmin edilməsi və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm elmi-tarixi hadisədir.
Akademik Adilə Namazova ilə birlikdə çalışan hər bir insan, yalnız zəngin elmi təcrübəyə əsaslanan elmi məktəbdən deyil, həm də yüksək mənəvi dəyərlərə söykənən həyat məktəbindən keçmişdir. O, elmi prinsipiallığı, obyektivliyi və peşəkarlığı ilə yanaşı, insanlara münasibətdə səmimiyyəti, diqqəti, qayğıkeşliyi və təvazökarlığı ilə seçilirdi. Ətrafındakı hər bir insana – istər həmkarına, istər tələbəsinə, istərsə də gənc tədqiqatçıya – böyük hörmət və həssaslıqla yanaşması onun zəngin şəxsiyyətinin mühüm göstəricilərindən biri idi. Məhz bu xüsusiyyətlər onu yalnız görkəmli alim və pedaqoq deyil, həm də əsl ziyalı, yüksək mənəviyyat sahibi və kamil insan kimi səciyyələndirirdi.
Onun üçün həkimlik peşəsi yalnız peşəkar fəaliyyət deyil, insan sağlamlığı və cəmiyyət qarşısında yüksək məsuliyyət missiyası idi. O, insanlara göstərdiyi sonsuz qayğı və diqqət , səmimiyyət , ən yüksək bəşəri keyfiyyətləri, nəcibliyi və sadəliyi ilə hər kəsə baris insanlıq nümunəsidir. Akademik Adilə Namazova uşaqlarda ürək-damar sistemi xəstəliklərin tədqiqi, revmatizm (revmatik qızdırma), anadangəlmə ürək qüsurları, hipertoniya, hipotoniya və s. patologiyalara aid elmi yenilikləri pediatriya elminin inkişafına güclü təkan vermişdir.
Adilə xanım üçün pediatriya yalnız xəstəliklərin diaqnostikası və müalicəsi deyil, uşaq sağlamlığının və gələcək həyat keyfiyyətinin qorunmasına yönəlmiş kompleks elmi-praktik fəaliyyət sahəsi idi. Onun yanaşmasında uşağın klinik vəziyyəti ilə yanaşı, fiziki və psixososial inkişafı, həyat keyfiyyəti və gələcək sosial adaptasiyası da nəzərə alınırdı. Bu baxış onun elmi fəaliyyətində profilaktik, proqnostik və sosial yönümlü pediatrik yanaşmanın formalaşmasına mühüm töhfə vermişdir.
Görkəmli akademikin elmi-ictimai fəaliyyətinə və xidmətlərinə görə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 1996-cı ildə “Şöhrət” ordeni, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeni və Azərbaycanda tibb elminin inkişafında roluna, tibb kadrlarının yetişdirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Bununla yanaşı , Adilə xanım Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, Rusiya Elmlər Akademiyasının üzvü, Əməkdar elm xadimi idi.
100 illik yubiley bir insan ömrünün sadəcə təqvim göstəricisi deyil. Bu, bir alim ömrünün elmi nəticələrinin, bir müəllim ömrünün yetişdirdiyi nəsillərin və bir ziyalı ömrünün cəmiyyətə bəxş etdiyi mənəvi dəyərlərin ümumiləşdirildiyi əlamətdar tarixdir. Akademik Adilə Namazovanın 100 illik yubileyi həm keçmişin elmi irsinə dərin ehtiramı, həm də həmin irsin müasir və gələcək nəsillərin elmi-praktik fəaliyyətində davam etdirilməsinə yönəlmiş perspektiv baxışın parlaq təcəssümüdür.
Onun adı Azərbaycan tibb tarixində yalnız görkəmli pediatr-alim kimi deyil, həm də uşaq sağlamlığının qorunması, pediatriya elminin inkişafı və gələcək nəslin sağlam formalaşmasına elmi-pedaqoji töhfələr vermiş nüfuzlu şəxsiyyət kimi yaşayır.
Akademik Adilə Namazovanın əziz xatirəsi daim ehtiramla yad ediləcək, onun elmi məktəbi və pedaqoji irsi yeni nəsil həkim və alimlərin fəaliyyətində yaşamaqda davam edəcəkdir.
Ruhu şad, əziz xatirəsi əbədi olsun!
« II Uşaq xəstəlikləri »
kafedrasının müdiri, professor N.H.Sultanova