Heydər Əliyev
Sağlamlıq iş yerinə gətirildi: ADY əməkdaşları səyyar stomatoloji müayinədən keçdi

Sağlamlıq iş yerinə gətirildi: ADY əməkdaşları səyyar stomatoloji müayinədən keçdi

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikası tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC-nin İdarəsində qurumun əməkdaşları üçün “Sağlam əməkdaş – güclü kollektiv” korporativ stomatoloji proqramı çərçivəsində səyyar stomatoloji xidmət təşkil edilib.

Təşəbbüsün əsas məqsədi əməkdaşların stomatoloji sağlamlığının yerində qiymətləndirilməsi, ağız və diş xəstəliklərinin erkən aşkarlanması, profilaktik maarifləndirmənin gücləndirilməsi və zəruri hallarda müalicə istiqamətinin müəyyənləşdirilməsidir.

Səyyar xidmət çərçivəsində ümumilikdə 48 əməkdaş stomatoloji müayinədən keçirilib. Müayinə zamanı ağız boşluğunun və dişlərin ümumi vəziyyəti qiymətləndirilmiş, aşkar olunan problemlərlə bağlı əməkdaşlara fərdi tövsiyələr verilib. Həmçinin stomatoloji müdaxiləyə ehtiyacı olan əməkdaşlara mövcud problemlər barədə məlumat verilib, müalicənin davam etdirilməsi üçün ATU-nun Tədris Stomatoloji Klinikasına müraciət etmələri ilə bağlı müvafiq tövsiyələr təqdim edilib.

Bu yanaşma yalnız mövcud problemlərin aşkarlanmasına deyil, həm də onların vaxtında müalicəyə cəlb olunmasına və gələcəkdə daha ciddi stomatoloji fəsadların qarşısının alınmasına xidmət edir.

Qeyd edək ki, səyyar stomatoloji xidmət əməkdaşların iş yerini tərk etmədən ilkin stomatoloji qiymətləndirmədən keçməsinə imkan yaradır. Belə korporativ sağlamlıq təşəbbüsləri profilaktik tibbi yanaşmanın gücləndirilməsi, əməkdaşların sağlamlıqla bağlı məlumatlılığının artırılması və tibbi xidmətlərə çıxışın asanlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Tədbir Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikası ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında korporativ əməkdaşlığın praktiki nümunəsi kimi qiymətləndirilir.

 

 

Paylaş

Dostlarınız ilə paylaşın.