Heydər Əliyev
Gələcəyin işığını söndürməyək!

Gələcəyin işığını söndürməyək!

Pediatrik oftalmologiyada nevroloji inkişaf problemləri olan uşaqlarda oftalmoloji strategiyalar dövrümüzün aktual mövzularından hesab olunur. Oftalmoloji skrininqin əsas vəzifəsi görmənin normal inkişafını əngəlləyəcək olan risk faktorlarını üzə çıxarmaq və az görmə ilə tapılan patologiyaları erkən dövrdə aşkar etməkdir. 

Uşaqların görmə orqanı, inkişafının ən həssas dövründə – 0-5 yaş aralığında çəpgözlük, ambliopiya, refraksiya anomaliyaları, katarakta, qlaukoma, retinoblastoma və digər problemlərinə görə dəyərləndirilməlidir. Beyin əsaslı bir hal olan serebral/kortikal görmə pozulmaları (Cerebral/Cortical Visual Impairment CVI), Amerika Birləşmiş Ştatları və digər inkişaf etmiş ölkələrdə uşaqlarda görmə pozulmasının öndə gedən səbəblərindən biri olaraq tanınmaqdadır. 

Nevroloji xəstəlikləri olan uşaqlarda göz əlamətləri arasında: çəpgözlük, ptoz, nistaqm, bulanıq görmə və ya ikigörmə, işığa həssaslıq, fiksə edə bilməmək, görmə sahəsi itkisi, baş ağrısı, yaşaxma, qaşınma və göz bəbəyi asimmetriyası; motor qabiliyyəti və inkişaf geriləməsi, və ya öyrənmədə çətinliklər görünür. 

Daun sindromlu uşaqlar və yeniyetmələrin 85%-ə qədərində refraktiv anomaliya, çəpgözlük, ptoz və epikantus olur. Əqli inkişaf geriliyi olan uşaqların 88%-ə qədərində refraktiv qüsurlar qeyd olunur. Serebral iflicdə strabismus (çəpgözlük) 40–50%; 34%–94% hallarda isə refraksiya anomaliyası və nistagm müşahidə olunur. 

Neyro inkişaf pozulmaları olan uşaqların davranışlarında göz təmasından qaçınmaq və ya qısa müddətə təmas qurma; yanakı baxışlar (göz ucuyla baxmaq); işıqlara, fırlanan obyektlərə, naxışlara, fiqurlara çox fiksə etmək; özünə xəbərdarlıq (Self-Stimulyasiya): barmaqlarını gözlərinin önündə hərəkət etdirmək, gözlərini ovuşdurmaq, insanların çox olduğu yerlərdən narahat olmaq, işığa həssaslıq (fotofobiya) qeyd olunur. 

Autizm spektr pozulmalarında aşağıdakı patologiyalara da rast gəlmək olur:

Optik sinir anomaliyalarından optik sinir hipoplaziyası - görmə itkisinə səbəb ola bilir;

Kortikal görmə pozulması (CVI): beynin görmə ilə bağlı bilgiyi ifadə etmək bacarığındakı pozulmalar kimi izah olunur; 

Göz hərəkətlərinin sərbəstliyinin pozulması: obyektləri gözləri ilə izləmədə, bir nöqtədən digərinə keçmədə (sakkad) və ya sabit qalmada görünən problemlərdir;

Zəif stereopsis (dərinlik hissinin zəif qavraması); işığa həssaslıq (fotofobiya) bu əlamətlərin sırasında yer alır. 

Beləliklə, neyro inkişaf pozulmaları olan uşaqların görmə itiliyinin inkişafı uğrunda çalışmağımız, onların təhsili, sosiallaşması və cəmiyyətə qazandırılması üçün olan mübarizəmizdir. Nəticədə, 0-3 aylıq körpələrdə; 1 yaşında; 36-42 aylıq uşaqlarda və məktəb öncəsi dövrdə görmə orqanı müayinəsinin aparılması mütləqdir. Anaların süd vermə əsnasında qurduğu göz təması yuxarıda qeyd olunan patologiyaların ilk xəbərçisidir. Bir çox tədqiqatların nəticəsində ana südü ilə qidalanan uşaqların görmə itiliyinin, süni qida ilə qidalananlara nisbətən yüksək olduğu qənaətinə gəlinib. Miopiyanın (yaxındangörmə), ambliopiyanın (tənbəl göz) növlərinə, vaxtından əvvəl doğulmuşların görmə orqanının inkişaf problemlərinə və s. ana südü ilə qidalanan uşaqlarda daha az tezlikdə rastlanıldığı qeyd edilir. Gələcəyimizi qorumaq üçün, ayaqda tutmaq üçün azyaşlı nəslin görmə müayinəsini gecikdirməməliyik. 

Aydın görmə - uşaqların gələcək uğurunun bünövrəsidir.

    Aysel Qəlbinur

    ATU-nun Oftalmologiya kafedrasının dosenti

Paylaş

Dostlarınız ilə paylaşın.