
“King's College London”-da ictimai səhiyyə üzrə magistr təhsili almaq peşəkar və elmi fəaliyyətimin məntiqi davamı oldu. Oftalmologiya sahəsində 18 illik klinik təcrübəyə malik həkim və tədqiqatçı kimi çalışarkən görmə sağlamlığının və ümumi sağlamlıq göstəricilərinin təkcə klinik müdaxilələrdən deyil, sosial, iqtisadi və davranış amillərindən də ciddi şəkildə asılı olduğunu müşahidə etməyim məni ictimai səhiyyə üzrə magistr təhsili almağa sövq etdi. Həkim kimi fəaliyyət göstərərkən getdikcə daha aydın görürdüm ki, insanların sağlamlığını yalnız xəstəxanalarda göstərilən tibbi xidmətlə qiymətləndirmək mümkün deyil. Sağlamlığın formalaşmasında təhsil, gəlir, məşğulluq, yaşayış şəraiti, ətraf mühit və etibarlı məlumatlara çıxış kimi sosial determinantlar həlledici rol oynayır. Məhz bu amilləri daha dərindən öyrənmək istəyim məni ictimai səhiyyə sahəsinə gətirdi.
Klinik təcrübə mənə xəstəliklərin nəticələrini göstərdi, ictimai səhiyyə isə onların səbəblərini anlamaq imkanı verdi. Həkimlər və tibb bacıları fərdi xəstələri müalicə edirlər, ictimai səhiyyə mütəxəssisləri isə xəstəliklərin qarşısının alınması, risk amillərinin azaldılması və cəmiyyətin sağlamlığının qorunmasına yönəlmiş strategiyalar hazırlayırlar. Bu iki istiqamət rəqib deyil, əksinə, bir-birini tamamlayan səhiyyə sisteminin ayrılmaz hissələridir.
“King's College London”-da tədqiqat metodları, epidemiologiya, sağlamlığın təşviqi, səhiyyə siyasəti və sağlamlığın sosial determinantları üzrə biliklərimi daha da inkişaf etdirdim. Bu təhsil mənə yalnız yeni nəzəri biliklər qazandırmadı, həm də sağlamlıq problemlərinə fərdi xəstə səviyyəsindən deyil, bütün cəmiyyət miqyasında yanaşmağı öyrətdi. Bir daha əmin oldum ki, sağlamlıq yalnız xəstəxanalarda deyil, ev, məktəb, iş yerləri və insanların yaşadığı mühitdə formalaşır.
Sağlamlığın təşviqinə sadə nümunə siqaret əleyhinə maarifləndirmə proqramlarıdır. Ağciyər xərçəngi və ya xroniki ağciyər xəstəlikləri inkişaf etdikdən sonra onları müalicə etmək əvəzinə, ictimai səhiyyə mütəxəssisləri maarifləndirmə kampaniyaları, məktəb proqramları və siqareti tərgitmə xidmətləri vasitəsilə insanların bu vərdişdən uzaq durmasına kömək edirlər. Bu yanaşma həm insanların həyat keyfiyyətini artırır, həm də səhiyyə sisteminin yükünü əhəmiyyətli dərəcədə azaldır.
Böyük Britaniyada ictimai səhiyyə səhiyyə sisteminin əsas sütunlarından biri hesab olunur. Bu sahənin mütəxəssisləri NHS-də, yerli idarəetmə orqanlarında, universitetlərdə, elmi-tədqiqat müəssisələrində və dövlət qurumlarında çalışaraq peyvənd proqramlarının həyata keçirilməsi, xəstəliklərə epidemioloji nəzarət, fövqəladə hallara hazırlıq və sağlamlıq bərabərsizliyinin azaldılması istiqamətində fəaliyyət göstərirlər.
Bu sahəyə maraq son illərdə nəzərəçarpacaq dərəcədə artıb. UCAS-ın (Universitetlər və Kolleclərə Qəbul Xidməti) məlumatına görə, 2025-ci ildə Böyük Britaniya universitetlərinə 665 mindən çox müraciət qeydə alınıb ki, bu da indiyədək ən yüksək göstəricidir. COVID-19 pandemiyasından sonra ictimai səhiyyə və əhali sağlamlığı proqramlarına marağın artması nəticəsində bəzi aparıcı universitetlər yüksək müraciət sayına görə qəbul prosesini son müraciət tarixindən əvvəl bağlamaq məcburiyyətində qalıb. Bu tendensiya ictimai səhiyyənin cəmiyyət üçün strateji əhəmiyyət daşıyan və gələcəyin ən perspektivli peşə istiqamətlərindən birinə çevrildiyini göstərir.
Azərbaycandan gələn həkim və tədqiqatçı kimi bu sahəyə münasibətdə müəyyən fərqlər müşahidə etmişəm. Ölkəmizdə səhiyyə sahəsində peşə seçimi çox vaxt klinik fəaliyyətlə əlaqələndirilir və həkim peşəsi ənənəvi olaraq əsas istiqamət hesab olunur.
İctimai səhiyyənin fəaliyyəti isə çox vaxt daha az nəzərə çarpır. Onun nəticələri əməliyyat otağında deyil, əhalinin xəstəliklərinin azalmasını əks etdirən statistik göstəricilərdə özünü göstərir. İctimai səhiyyənin istifadə etdiyi alətlər – əhalinin sağlamlığı sahəsində siyasətin hazırlanması, səhiyyənin idarə edilməsi, layihələrin, uzunmüddətli profilaktik tədbirlərin və maarifləndirmə proqramlarının həyata keçirilməsi, eləcə də elmi tədqiqatlardır.
Hazırda Azərbaycan Tibb Universitetində İctimai səhiyyə fakültəsi fəaliyyət göstərir və Səhiyyə Nazirliyinin tabeliyində bu sahədə fəaliyyət göstərən müvafiq qurumlar mövcuddur. Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsində 2025/2026-cı tədris ilindən etibarən bir sıra yeni magistratura proqramları - Tətbiqi ictimai səhiyyə, Əmək sağlamlığı, Epidemiologiya, Ətraf mühit və sağlamlıq, həmçinin İnfeksiyaların profilaktikası və nəzarət fəaliyyətə başlayıb. Bununla yanaşı, 2020-ci ildən tədris olunan Səhiyyə menecmenti magistr proqramına qəbul olanların sayı iki dəfə artıb. Bu proqramlar mütəxəssislərə xəstəliklərin profilaktikası, epidemioloji nəzarət, iş yerlərində sağlamlığın qorunması, ekoloji risklərin qiymətləndirilməsi və səhiyyə xidmətlərinin səmərəli idarə olunması sahəsində peşəkar bilik və bacarıqlar qazandırır. Belə təhsil imkanlarının inkişafı Azərbaycanda ictimai səhiyyənin güclənməsinə və beynəlxalq standartlara uyğun insan resurslarının hazırlanmasına mühüm töhfə verə bilər.
Bu gün Azərbaycan siqaret istifadəsi, havanın çirklənməsi, COVID-19 pandemiyasından sonra uşaq peyvəndlənməsinin azalması və şəhər-kənd arasında səhiyyə xidmətlərinə çıxış fərqləri kimi mühüm çağırışlarla üzləşir. Bu problemlərin həlli yalnız klinik müalicə ilə mümkün deyil. Burada profilaktika, sağlamlığın təşviqi, keyfiyyətli tədqiqatlar və elmi sübutlara əsaslanan səhiyyə siyasəti həlledici rol oynayır.
Peşəkar fəaliyyətim və beynəlxalq təhsil təcrübəm mənə göstərdi ki, gələcəyin səhiyyə sistemi yalnız yüksək ixtisaslı həkimlərə deyil, həm də güclü ictimai səhiyyə mütəxəssislərinə ehtiyac duyur. İctimai səhiyyənin üstünlüklərindən biri onun geniş fəaliyyət sahəsinə malik olmasıdır. Bu sahənin mütəxəssisləri epidemiologiya, sağlamlığın təşviqi, tədqiqat, səhiyyə siyasəti, proqramların idarə olunması, ətraf mühit sağlamlığı və məlumatların təhlili kimi istiqamətlərdə dövlət qurumlarında, universitetlərdə, beynəlxalq təşkilatlarda və qeyri-hökumət sektorunda çalışa bilərlər. “King's College London”-da aldığım magistr təhsili mənim üçün yeni peşəyə başlanğıc deyil, mövcud elmi və klinik fəaliyyətimin daha da zənginləşməsi oldu. Bu təcrübə sağlamlığa daha geniş prizmadan baxmağı, elmi sübutları praktik qərarlara çevirməyi və profilaktikanın cəmiyyət üçün əhəmiyyətini daha dərindən dərk etməyi təmin etdi.
İnanıram ki, gələcəkdə həm Böyük Britaniya, həm də Azərbaycanda səhiyyə sistemlərinin davamlı inkişafı yalnız müasir klinik xidmətlə deyil, eyni zamanda güclü ictimai səhiyyə siyasəti, elmi araşdırmalar və profilaktik yanaşmalarla mümkün olacaq. Məhz buna görə ictimai səhiyyə mənim üçün sadəcə akademik seçim deyil, peşəkar fəaliyyətimin ayrılmaz hissəsinə çevrilmişdir.
Nigar Yusifova
ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının əməkdaşı, tibb elmləri namizədi