Heydər Əliyev
Azərbaycan Tibb Universitetində “Clarivate Günləri” çərçivəsində təlim keçirilib

Azərbaycan Tibb Universitetində “Clarivate Günləri” çərçivəsində təlim keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) alim və tədqiqatçıların qabaqcıl elmi informasiya resursları ilə tanışlığına və müasir rəqəmsal tədqiqat bacarıqlarının inkişafına yönəlmiş təlim keçirilib. 

ATU-nun Elmi tədqiqatların idarə olunması departamentinin təşkilatçılığı ilə “Clarivate Günləri” çərçivəsində baş tutan tədbirdə elmi tədqiqatların səmərəliliyinin artırılması, beynəlxalq elmi informasiya bazalarından istifadə imkanlarının genişləndirilməsi və innovativ rəqəmsal alətlərin tədqiqat prosesinə inteqrasiyası diqqət mərkəzində olub. 

Təlim Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə “Clarivate” şirkətinin birgə həyata keçirdiyi “Clarivate Günləri” təşəbbüsü çərçivəsində təşkil edilib. 

Tədbidə çıxış edən ATU-nun elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan universitetdə elmi tədqiqat fəaliyyətinin inkişafı istiqamətində həyata keçirilən yeniliklər, son dövrlərdə əldə olunan elmi nailiyyətlər və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. Prorektor müasir elmi informasiya resurslarından istifadənin, tədqiqatçıların beynəlxalq elmi mühitə inteqrasiyasının və elmi nəticələrin beynəlxalq səviyyədə tanınmasının əhəmiyyətini vurğulayıb. 

“Clarivate” şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Xəyalə Hacıyeva və Müştəri məmnuniyyəti üzrə menecer Handan İliç isə təqdimatlarla çıxış edərək “Web of Science”, “ProQuest Central” və “Web of Science Research Intelligence” platformalarının funksional imkanlarını nümayiş etdiriblər. 

İştirakçılara sözügedən resurslardan elmi ədəbiyyatın axtarışı, bibliometrik göstəricilərin təhlili, tədqiqat fəaliyyətinin planlaşdırılması və elmi nəticələrin qiymətləndirilməsi zamanı səmərəli istifadə üsulları izah olunub. Təqdimatlarda, həmçinin, süni intellekt əsaslı həllərin elmi tədqiqat prosesinə inteqrasiyası və müasir analitik alətlərin praktik tətbiqi imkanları nəzərdən keçirilib. 

İnteraktiv müzakirələr şəraitində davam edən təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, platformaların real tədqiqat nümunələri əsasında tətbiqi ilə bağlı fikir və təcrübə mübadiləsi aparılıb.

 

 


 

Paylaş

Dostlarınız ilə paylaşın.