Heydər Əliyev
ATU əməkdaşı və rezidentinin iştirakı ilə aparılan beynəlxalq tədqiqat Q1 jurnalında dərc olunub

ATU əməkdaşı və rezidentinin iştirakı ilə aparılan beynəlxalq tədqiqat Q1 jurnalında dərc olunub

Azərbaycan Tibb Universitetinin (ATU) I Cərrahi Xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Taryel Ömərov və I Daxili Xəstəliklər kafedrasının revmatologiya ixtisası üzrə həkim-rezidenti Rəşad Abızadənin iştirak etdiyi beynəlxalq tədqiqatın nəticələri nüfuzlu Q1 kateqoriyalı “World Journal of Surgery” jurnalında dərc olunub. 

“Thirty-Day Mortality and Morbidity Outcomes in Abdominal Wall Necrotizing Soft Tissue Infections: The STANMORE Study” adlı məqalədə qarın divarının nekrotikləşdirici yumşaq toxuma infeksiyalarında 30 günlük ölüm və ağırlaşma göstəriciləri araşdırılıb. 
27 ölkədən 63 tibb mərkəzinin iştirak etdiyi prospektiv, çoxmərkəzli beynəlxalq tədqiqat çərçivəsində 331 xəstənin məlumatları təhlil olunub. 

Araşdırmada yaşın artması, kreatinin səviyyəsinin yüksəlməsi, bağırsaq rezeksiyası və antibiotikoterapiyanın başlanmasının gecikməsi ölüm riski ilə, polimikrob infeksiya və bağırsaq rezeksiyası isə ağırlaşma riski ilə müstəqil şəkildə əlaqələndirilib.

Tədqiqatda iştirak edən Rəşad Abızadə hazırda ATU-nun I Daxili Xəstəliklər kafedrasında revmatologiya ixtisası üzrə həkim-rezident kimi fəaliyyət göstərir. O, bu tədqiqat üzrə məlumatların toplanmasında isə ATU-nun I Müalicə-profilaktika fakültəsinin tələbəsi olduğu dövrdə iştirak edib. Bu fakt gənc tədqiqatçının tələbəlik illərindən beynəlxalq elmi əməkdaşlıqlara cəlb olunduğunu göstərir. 

Qeyd edək ki, bu, Rəşad Abızadənin beynəlxalq elmi nəşrlərdə ilk uğuru deyil. Onun həmmüəllifi olduğu “Global 30-day morbidity and mortality of surgery for perforated peptic ulcer: GRACE study” adlı məqalə 2024-cü ildə “Surgical Endoscopy”, “30-day Morbidity and Mortality after Cholecystectomy for Benign Gallbladder Disease: AMBROSE study” adlı araşdırma isə 2025-ci ildə “Annals of Surgery” jurnalında dərc olunub. 

Yeni nəşr ATU əməkdaşları və rezidentlərinin beynəlxalq elmi əməkdaşlıqlarda fəal iştirakının, eləcə də universitetdə gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunmasının növbəti göstəricisidir.
 

Paylaş

Dostlarınız ilə paylaşın.