Heydər Əliyev
ATU rezidentinin iki elmi araşdırması beynəlxalq jurnallarda

ATU rezidentinin iki elmi araşdırması beynəlxalq jurnallarda

Azərbaycan Tibb Universiteti (ATU) rezidentinin müəllifi olduğu iki elmi araşdırma beynəlxalq elmi jurnallarda dərc olunub.

Tibbi genetika istiqamətində aparılan tədqiqatlar uşaqlarda Ailəvi Aralıq dənizi qızdırmasının (FMF) genetik və klinik xüsusiyyətlərini, eləcə də azərbaycanlı qadınlarda təkrarlanan hamiləlik itkisinin immunogenetik aspektlərini əhatə edir.

Rezident Vəfa Müslümovanın da müəlliflər sırasında yer aldığı “Familial Mediterranean fever in Azerbaijani children: a nationwide cohort study of genotype–phenotype association” adlı araşdırma beynəlxalq nüfuzlu “Rheumatology” jurnalında yayımlanıb. Oxford University Press tərəfindən nəşr olunan jurnal “British Society for Rheumatology”-nin rəsmi elmi nəşridir.

Çoxmərkəzli tədqiqat Azərbaycanın 11 regionunda fəaliyyət göstərən pediatrik və genetik ixtisaslaşmış mərkəzlərdə müşahidə olunan 349 uşağın məlumatları əsasında aparılıb. Araşdırmada pasiyentlərin klinik göstəriciləri və MEFV genindəki variantlar təhlil edilərək genotiplə xəstəliyin klinik xüsusiyyətləri arasındakı əlaqə öyrənilib.

Tədqiqatın nəticələrinə əsasən, Azərbaycanlı uşaqlarda ən çox rast gəlinən MEFV variantları M694V, V726A və R202Q olub. Xüsusilə M694V variantının xəstəliyin daha erkən yaşda başlaması ilə əlaqəli olduğu müəyyənləşdirilib.

Vəfa Müslümovanın həmmüəllif olduğu digər araşdırma isə “HLA-DR and HLA-DQ Allele Associations with Idiopathic Recurrent Pregnancy Loss in Azerbaijani Women” adı ilə beynəlxalq elmi jurnalda dərc olunub. Məqalədə azərbaycanlı qadınlarda səbəbi müəyyən edilməyən təkrarlanan hamiləlik itkisi ilə HLA-DRB1, HLA-DQA1 və HLA-DQB1 allelləri arasındakı mümkün əlaqələr araşdırılıb.

Hər iki tədqiqat Azərbaycan populyasiyasının genetik xüsusiyyətlərinin öyrənilməsi baxımından əhəmiyyət daşıyır və tibbi genetikanın müxtəlif istiqamətlərində aparılan araşdırmaların beynəlxalq elmi platformalarda təqdim edilməsinə imkan yaradır.

ATU rezidentinin beynəlxalq elmi nəşrlərdə müəllif kimi təmsil olunması universitetdə gənc həkim və rezidentlərin elmi-tədqiqat fəaliyyətinə cəlb olunmasının, beynəlxalq elmi layihələrdə iştirakının və Azərbaycan populyasiyasına dair elmi məlumatların dünya elmi ictimaiyyətinə çatdırılmasının göstəricilərindən biridir.

Paylaş

Dostlarınız ilə paylaşın.