
Bu gün bütün dünyada və ölkəmizdə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən təsis edilmiş “Mavi səma üçün təmiz hava günü” qeyd olunur. 2019-cu ildən etibarən hər il sentyabrın 7- də keçirilən bu beynəlxalq günün əsas məqsədi atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması, insan sağlamlığının qorunması və iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəyliyi artırmaqdır.
Hava çirklənməsi bu gün insan sağlamlığı üçün bəşəriyyətin üzləşdiyi ən böyük ekoloji risk hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına əsasən, çirkli hava hər il milyonlarla insanın vaxtından əvvəl dünyasını dəyişməsinə səbəb olur; xüsusilə uşaqlar, qadınlar və yaşlılar bu təhlükəyə qarşı daha həssasdırlar. Nəfəs aldığımız havanın təmizliyi təkcə fərdlərin sağlamlığı üçün deyil, həm də ekosistemlərin davamlılığı və biomüxtəlifliyin qorunması üçün mühüm şərtdir.
Havanın çirklənməsi sadəcə böyük zavodların tüstüsü demək deyil. Gündəlik istifadə etdiyimiz şəxsi avtomobillər, məişət tullantılarının düzgün idarə olunmaması və enerjidən israfçılıqla istifadə də hər gün tənəffüs etdiyimiz havanı zəhərləyir. Təmiz hava sadəcə rahat nəfəs almaq deyil, həm də sağlam ürək, güclü immun sistemi və uşaqlarımızın sağlam gələcəyi deməkdir.
Azərbaycanda da ətraf mühitin, o cümlədən atmosfer havasının mühafizəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan 2024-cü ilin noyabr ayında Bakı şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmişdir. Həmçinin 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, bu qərar Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi məqsədilə qəbul olunub.
Ölkəmizdə havanın keyfiyyətinə nəzarət edilməsi, sənaye müəssisələrində müasir təmizləyici qurğuların quraşdırılması və nəqliyyatdan atılan zərərli tullantıların minimuma endirilməsi məqsədilə mütəmadi olaraq yaşıl təşəbbüslər və ekoloji kampaniyalar həyata keçirilir.
Ekoloji təmiz gələcək və mavi səmalar yalnız dövlətlərin deyil, həm də hər bir fərdin gündəlik addımlarından asılıdır. Hər birimiz sadə vərdişlərimizi dəyişməklə bu qlobal mübarizəyə böyük töhfə verə bilərik:
Şəxsi avtomobillər əvəzinə ictimai nəqliyyatdan, velosipedlərdən istifadə etmək və ya piyada gəzmək;
Enerjiyə qənaət etmək və ekoloji təmiz (elektrikli) nəqliyyat vasitələrinə üstünlük vermək;
Ağac əkmək və mövcud yaşıl sahələri qorumaq.
Təmiz hava hamımızın ortaq ehtiyacı və məsuliyyətidir. Gəlin maariflənək, ətrafımızdakıları məlumatlandıraq və gələcək nəsillərə gerçəkdən mavi bir səma və təmiz nəfəs miras qoyaq!
Hər günümüzün mavi səma altında və təmiz hava ilə keçməsi üçün bu gündən etibarən məsuliyyətimizi artıraq, təbiətimizi birlikdə qoruyaq!
ATU -nun Qidalanma və tibbi ekologiya
kafedrasının müdiri, dosent Fəridə ƏLİ