İsmayıl Adil oğlu Qafarov 1990-cı ildən Tibbi və bioloji fizika kafedrasında mühəndis-proqramlaşdırıcı, assistent, baş müəllim, dosent və kafedra müdiri vəzifəsində işləyir. Qafarov İ.A. avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması sahəsində özünü ixtisaslı mütəxəssis kimi göstərmişdir. Azərbaycan Tibb Universitetində işlədiyi müddətdə müxtəlif bioloji obyektlərin riyazi modellərinin qurulmasında və onların tətbiqində fəal iştirak etmişdir. Kafedralararası elmi işlər çərçivəsində öyrənilən proseslərin statistik analizi üçün xüsusi paket proqramlar hazırlamış və bu proqramlar tədrisdə və praktikada geniş tətbiq olunur.
«İnformatika», «Biostatistika», «Tibbi statistika», «Ali riyaziyyat», «Biofizika» fənlərinin proqramların müəllifi və həmmüəllifidir. Azərbaycan və rus dillərində mühazirə və praktik dərslər aparır və onun tərəfindən tərtib olunmuş öyrədici proqramlar tədrisdə istifadə olunur.
2003-cü ildə ABŞ-da «Tibb avadanlığının standarlaşdırılması və sertifikatlaşdırılması» və 2009-cu ildə Almaniyada «Teletəbabət» proqramı çərçivəsində təlimlərdə iştirak etmiş bu sahələrdə ekspert diplomuna layiq görülmüşdür. 2005-ci ildə «Obyektləri hərəkətdə olan mürəkkəb sistemlərin stoxastik modelləşdirilməsi» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, 01.01.05 – ehtimal nəzəriyyəsi və riyazi statistika, 05.13.18 – riyazi modelləşdirmə, ədədi üsullar və proqram kompleksləri ixtisasları üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. Elmi maraq dairəsi - tibdə proqnozlaşdırma problemləridir. Mütəmadi elmi məcmuələrdə, konfranslarda səhiyyənin avtomatlaşdırılmış idarəetmə sistemlərinin təşkili,
tibbi diaqnostika, proqnozlaşdırma məsələlərinin həll üsulları barədə çıxışlar edir. Beynəlxalq sitatlar bazasına daxil edilmiş (Web of Science, Scopus, PubМed, EBSCO, Ulrichs Periodicals Directory, РИНЦ) jurnallar da daxil olmaqla, müəllifi olduğu 120-yə yaxın elmi məqaləsi (Q1 – 4; Q2 – 3; Q3 – 4; Q4 – 9) jurnallarda dərc olunmuşdur, 6 patentin, 5 səmərələşdirici təklifin, 4 müəlliflik şəhadətnaməsinin və 4 tədris vəsaitinin müəllifidir. ATU-da rezidentlər üçün “Tibbi statistika” ixtisası üzrə mühazirələr oxuyur və rezidentlərə rəhbərlik edir. ATU-da və həmçinin dəvət ilə digər universitetlərdə (BDU, Xəzər Universiteti, ABTA
və s.) doktorant və dissertantlar üçün “elmi tədqiqatların aparılması və nəticələrin statistik analizi” mövzusunda mühazirələr aparır və treninqlər təşkil edir. ATU-da elektron imtahan mərkəzi fəaliyyətə başlayandan müxtəlif fənlər üzrə ekspert
kimi fəaliyyət göstərmişdir.
Rəhbərliyi altında 1 PHD elmi işi müdafiə ərəfəsindədir. Rəhbərliyi altında 1 magistr elmi işi yerinə yetirilir. Ayrı-ayrı illərdə tələbələrin TEC-də elmi işlərinə rəhbərlik etmişdir. 2012-ci ildən DİM-də «İnformatika» fənni üzrə seminarın üzvü və 2018-ci ildən
rəhbəridir.