Psixiatriya kafedrası tərəfindən 2020-ci ildən etibarən “Klinik psixologiya” ixtisası üzrə magistratura hazırlığı həyata keçirilir. İxtisas müasir səhiyyə sistemində psixi sağlamlığın qorunması, psixoloji yardımın təşkili və klinik praktikada peşəkar psixoloq kadrlarına olan ehtiyac nəzərə alınaraq yaradılmışdır.
“Klinik psixologiya” ixtisası
“Klinik psixologiya” ixtisası üzrə magistratura pilləsi psixi sağlamlığın qorunması, psixi və davranış pozuntularının psixoloji qiymətləndirilməsi, diaqnostikası, profilaktikası və psixoloji müdaxilə istiqamətində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına xidmət edir. Müasir klinik psixoloq yalnız nəzəri biliklərə deyil, eyni zamanda klinik düşünmə, pasiyentlə peşəkar ünsiyyət, psixodiaqnostik metodlardan düzgün istifadə və multidissiplinar tibbi komandada işləmək bacarıqlarına malik olmalıdır.
Təhsil proqramı magistrantlarda elmi-tədqiqat aparmaq, psixoloji problemləri klinik yanaşma əsasında təhlil etmək, müxtəlif yaş və klinik qruplarla işləmək, psixoloji konsultasiya və psixokorreksiya istiqamətində praktik bacarıqlar formalaşdırır. Magistrantlar təhsil müddətində müasir psixologiya və psixiatriyanın əsas istiqamətlərini mənimsəyir, elmi fəaliyyətlə məşğul olur, sərbəst tədqiqat işi aparır və magistrlik dissertasiyasını müdafiə edirlər.
“Klinik psixologiya” ixtisası üzrə təhsil alan məzunlar səhiyyə müəssisələrində, psixoloji mərkəzlərdə, reabilitasiya və konsultasiya xidmətlərində, eləcə də elmi və pedaqoji sahələrdə fəaliyyət göstərə bilirlər.