Mövzunun adı: Həzm sisteminin cərrahi xəstəliklərinin ağırlaşmalarının proqnozlaşdırılması, profilaktika və müalicə üsullarının təkmilləşdirilməsi
Mövzunun aktuallığı: Həzm sistemi və qarın boşluğu orqanlarının kəskin cərrahi patologiyaları, onların ağırlaşmaları çox təhlükəlidir və təcili cərrahi müdaxilə tələb edir. Müxtəlif istiqamətli çoxsaylı elmi tədqiqat işlərinin aparılmasına baxmayaraq qarın boşluğu orqanlarının kəskin irinli iltihabi xəstəliklərindən ölüm halları hələ də yüksək olaraq qalır. Bu xəstəliklərin ağırlaşmalarının proqnozlaşdırılması, onların erkən diaqnostikası və müalicə taktikası barədə mükəmməl bir fikir hələ də formalaşmamışdır. Qarın boşluğu orqanlarının kəskin patologiyaları arasında kəskin pankreatit son illərdə kəskin appendisit və kəskin xolesistiti ötərək, birinci yeri tutur. Bu patologiya zamanı ümumi letallıq 3,1-6,3% təşkil edir. Mədəaltı vəzin orqandaxili qan cərəyanı pozğunluğunun təzahür dərəcəsi və onun limfatik sisteminin xəstəliyin hər fazasının inkişafında rolu hələ tam məlum deyil. Buna görə də kəskin pankreatit zamanı mədəaltı vəzin orqandaxili mikrosirkulyasiyasının vəziyyətini öyrənməyə yönəldilən eksperimental-klinik tədqiqatların aparılması çox aktualdır.
Son illər qarın boşluğu orqnlarının iltihabi xəstəliklərinin diaqnozunun və ağırlaşmalarının müalicəsinin müasir aspektləri, eləcə də xəstəliyin nəticəsinə təsir göstərən amillərin öyrənilməsi bu xəstəliklərin patogenezinə və müalicə prinsiplərinə olan baxışları dəyişmişdir.
Əməliyyatdan sonrakı qanaxmalar abdominal cərrahiyyədə qospitalizasiya müddətini və müalicənin qiymətini, letallıq riskini artırmaqla çox təhlükəli ağırlaşmalardan biri olaraq qalır. Cata et al (2000) məlumatına görə, qanaxmalar 12%-dək inkişaf edir və 3%-dək hallarda fatal nəticə verir. Cərrahi texnologiyaların inkişafına və hemostaz metodlarının təkmilləşməsinə baxmayaraq, belə ağırlaşmaların tezliyi yüksək olaraq qalır. Molekulyar tibbin inkişafı qanın laxtalanma pozğunluqlarının genetik mənşəli olduğunu anlamağa imkan verdi. Genetik pozğunluqlar arasında F5 (Leyden faktoru), F2 (protrombin), MTHFR genlərində mutasiyalar daha böyük əhəmiyyətə malikdir. Son illər Sİ tibbdə geniş tətbiq olunur. Bir çox tədqiqatlarda ürək, qaraciyər və həzm traktı orqanlarında aparılan əməliyyatlardan sonra qanaxmanı qabaqcadan xəbər verən modellər hazırlanıb. Lakin Sİ və genetik profilləşmənin inteqrasiyası prediktiv tibbdə yeni istiqamətdir.
Hernioplastika cərrahiyyədə çox aparılan əməliyyatlardan biridir; dünyada hər il 20 milyondan çox qasıq yırtığı əməliyyatı həyata keçirilir. Qasıq yırtıqları (QY) əməliyyatların 90%-dən çoxu kişilər üzərində aparılır, təkrarlama tezliyi 7-8% -ə qədərdir. Müasir ədəbiyyatın təhlili qasıq hernioplastikasının kişi sağlamlığına təsiri haqqında ziddiyyətli fikirlər göstərir. Müəlliflərin bir qismi cərrahi müdaxilə və kişi sonsuzluğu arasında aydın əlaqə göstərir, digər müəlliflər isə bu fərziyyəni dəstəkləmirlər. Qasıq yırtıqlarnın bu və ya digər cərrahi müalicəsi lehinə hernioloqların ziddiyyətli fikirləri, qasıq yırtığının özünün təsiri, həmçinin hernioplastika metodikası və tətbiq olunan torlu implantın növü cərrahi müalicənin nəticələrinə və kişilərın həyat keyfiyyətinə və reproduktiv funksıyasına təsiri; bütün bunlar bu məsələni aktual hesab etməyə əsas verir.
Məqsədi: Əməliyyatdan sonrakı qanaxmaların proqnozlaşdırma metodlarının Süni İntellekt (Sİ) və genetik profilləşdirmənin inteqrasiyası yolu ilə təkmilləşdirilməsi; Kəskin pakreatiti olan xəstələrin proqnozu və müalicə üsullarının optimallaşdırılması və yeni rasional diaqnostik meyarların işlənib hazırlanması; Kəskin pakreatiti olan xəstələrin proqnozu və müalicə üsullarının optimallaşdırılması və yeni rasional diaqnostik meyarların işlənib hazırlanması; Hernioplastikanın və müxtəlif plastik materialların cərrahi müalicənin nəticələrinə təsirini öyrənmək; Yumşaq toxumaların və nekozlaşan fassitlərin müalicə üsullarının təkmilləşdirilməsi; Aşağı ətrafların varikoz xəstəliyinin cərrahi müalicə nəticələrini yaxşılaşdırmaq; Süd vəzinin idiopatik iltihabi xəstəliklərinin nəticələrini onların etiopatogenezində immun sistemlə bağlı gen variantlarının öyrənilməsi yolu ilə yaxşılaşdırılması.
Elmi yenilik dərəcəsi: İnsan orqanizminin şərtlərinə mümkün qədər yaxın olan kəskin pankreatitin orijinal, asanlıqla təkrarlana bilən və sadə eksperimental modeli hazırlanacaqdır. Kəskin pankreatitin erkən mərhələsində mədəaltı vəzidə orqandaxili qan dövranını (reologiya və mikrosirkulyasiya) yaxşılaşdıran dərmanların istifadəsinə ehtiyac eksperimental olaraq əsaslandırılacaqdır. Kəskin pankreatiti olan xəstələrin müalicəsində klinikada patogenetik, biokimyəvi, immunoloji və instrumental səviyyələrdən limfatik əlaqə vasitəsi ilə onun etiopatogenezinin müxtəlif aspektlərinə təsir göstərən, prinsipcə yeni endolimfatik medikamentoz terapiya hazırlanacaq və tətbiq ediləcək.
Azərbaycanda ilk dəfə əməliyyat sonrakı baxımda Sİ və genetikanın inteqrasiyası yolu ilə tibbə töhvə veriləcək. Təklif olunan model cərrahi müdaxilələrin nəticələrini yaxşılaşdırmaq üçün çox vədlər verir.
Azrbaycanda ilk dəfə idiopatik qranulomatoz mastitə meyilliyin potensial genləri aşkar edilə bilər.
Tətbiq sahəsi: ATU-nun Tədris-Cərrahiyyə klinikası, ATU-nun ElmiAraşdırma mərkəzi, akad. M.A. Mirqasimov adına Respublika Klinik xəstəxanası, Yeni Klinika, Topçubaşov adına ECM , Mamalıq və ginekologiya ETİ, Bakı Medical Plaza, Neftçilər xəstəxanası, Mərkəzi Klinik Xəstəxana.
Səmərəlilik: Kəskin pankreatitin klinik şiddətindən və mərhələsindən, yoluxucu-irinli və digər ağırlaşmaların olub-olmamasından asılı olaraq, müxtəlif dərman preparatlarının endolimfatik infuziyalarının dozalarının, həcminin və müddətinin müəyyən edilməsi, endolimfatik terapiyanın üsul və taktikasının işlənib hazırlanması nəzərdə tutulur. Qanaxma riskini artıran genetik markerlərin onların proqnostik effektliyini nümayiş etdirən Sİ modelinə inteqrasiyası əməliyyat önü dövrdə qanaqxma riskini dəyərləndirməyə və bununla da ağırlaşmaların sayını, qospitaliziya müddətini, ölüm hallarını azaldacaq. Müxtəlif qasıq yırtığı olan xəstələrin kompleks müalicəsində implantların yerləşdirilməsi və fiksasiyası üçün təkmilləşdirilmiş cərrahi üsulların tətbiqi, açıq və laparoskopik yırtıq alloplastikasında yeni sintetik materialların (Ethicon-dan qismən sorulan IPC mesh "ULTRAPRO") istifadəsi dərhal (əməliyyatdan sonrakı infeksiyaların sayının azalması - irinli və digər ağırlaşmalar, xəstələrin xəstəxanada qalma müddətinin azaldılması) və uzunmüddətli (yırtıq residivlərinin etibarlı şəkildə azalması və xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması) əhəmiyyətli dərəcədə yaxşılaşma verəcək; həmçinin yetkin kişi xəstələrdə spermatik kordun və testis parenximasının elementlərində arterial dövranın və reproduktiv funksiyanın daha da azalmasının qarşısını almağa kömək edəcəkdir. Ekzomların tam sıralanması idiopatik qranulomatoz mastitin etioloji faktorlarının təyininə və sonrakı funksional tədqiqatlarının işlənib hazırlanmasına informasiya verəcək.