Heydər Əliyev
Bölmələrimiz
Şöbə müdiri

Əfsanə Elman qızı Məmmədova Azərbaycan Tibb Universitetinin Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının dosenti, Rezidentura və Magistratura Departamentinin Magistratura şöbəsinin müdiri, əczaçılıq üzrə fəlsəfə doktorudur. Elmi-pedaqoji və idarəetmə fəaliyyətinin əsas istiqamətlərini əczaçılıq texnologiyası, magistratura təhsilinin təşkili və keyfiyyətinin təmin olunması, təhsil proqramlarının təkmilləşdirilməsi və gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb edilməsi təşkil edir.

 

Təhsil və elmi dərəcə

1982–1992-ci illərdə Şərur şəhəri N.Nərimanov adına 1 saylı orta məktəbdə təhsil almış və məktəbi gümüş medalla bitirmişdir. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinə daxil olmuş, 1998-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə ATU-nun Dərman formalarının texnologiyası kafedrasında magistraturaya qəbul olunmuş və 2000-ci ildə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur.

2016-cı ildə 3400.01 – “Dərmanların alınma texnologiyası, əczaçılıq işinin təşkili” ixtisası üzrə “Qlisirrizin turşusu əsasında bəzi müalicəvi-kosmetoloji vasitələrin alınma texnologiyasının işlənib hazırlanması və keyfiyyət normalarının təyini” mövzusunda dissertasiya müdafiə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 16 mart 2017-ci il tarixli qərarı ilə əczaçılıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir (Diplom: FD №11664, Bakı, 2019).

 

Peşəkar və akademik fəaliyyət

2000-ci ildən Azərbaycan Tibb Universitetində elmi-pedaqoji fəaliyyət göstərir. Dərman formalarının texnologiyası və iqtisadiyyatının təşkili kafedrasında baş laborant kimi əmək fəaliyyətinə başlamış, sonrakı illərdə assistent, baş müəllim və dosent vəzifələrində çalışmışdır. Hazırda ATU-nun Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasında dosent kimi fəaliyyətini davam etdirir.

2020-ci ildən etibarən Azərbaycan Tibb Universitetinin rezidentura və magistratura təhsilinin idarə olunması strukturunda rəhbər vəzifələrdə çalışır. Hazırda Rezidentura və Magistratura Departamentinin Magistratura şöbəsinin müdiri kimi magistratura təhsilinin təşkili, koordinasiyası və inkişafı üzrə fəaliyyət göstərir.

 

Magistratura şöbəsində əsas fəaliyyət istiqamətləri

  • magistratura üzrə tədris prosesinin təşkili, koordinasiyası və monitorinqi;
  • ixtisas və ixtisaslaşmalar üzrə təhsil proqramlarının hazırlanması və təkmilləşdirilməsi;
  • baza kafedraları ilə tədris və elmi-tədqiqat fəaliyyətinin əlaqələndirilməsi;
  • fərdi tədris planlarının, fənn proqramlarının və sillabusların hazırlanmasına metodik nəzarət;
  • təhsil proqramlarının müasir ali təhsil və akkreditasiya tələblərinə uyğunlaşdırılması;
  • magistrantların elmi-tədqiqat fəaliyyətinin təşkili və elmi rəhbərlik mexanizmlərinin koordinasiyası;
  • qiymətləndirmədə obyektivliyin, şəffaflığın və keyfiyyət təminatı mexanizmlərinin gücləndirilməsi;
  • magistratura proqramlarında beynəlxalq akademik təcrübənin və nəticəyönümlü yanaşmanın tətbiqinin təşviqi.

 

Elmi və tədris-metodik fəaliyyət

Elmi maraq dairəsinə əczaçılıq texnologiyası, təbii mənşəli dərman vasitələrinin və fitopreparatların işlənib hazırlanması, dərman formalarının standartlaşdırılması, əczaçılıq kosmetologiyası, bioəczaçılıq, fitoterapiya və müasir fiziki-kimyəvi analiz üsullarının əczaçılıq tədqiqatlarında tətbiqi daxildir.

40-dan çox elmi məqalə və tezisin, o cümlədən 1 Avrasiya Patentinin müəllifidir. Bakalavr və magistratura səviyyəsində tədris aparır, fənn proqramlarının, sillabusların və metodiki materialların hazırlanmasında iştirak edir, magistrantların elmi-tədqiqat işlərinə rəhbərlik edir. 2022-ci ildə çap edilmiş “Əczaçılıq texnologiyası I–IV” fənni üzrə metodiki göstərişlərin müəlliflərindən biridir.

 

Beynəlxalq akademik fəaliyyət və peşəkar inkişaf

2023-cü ildə Erasmus+ Teaching Staff Mobility proqramı çərçivəsində Anadolu Universitetində, 2024-cü ildə isə Orhun mübadilə proqramı çərçivəsində Atatürk Universitetində müəllim mobilliyində iştirak etmişdir. Farmakonəzarət, effektiv kurrikulum və sillabusun hazırlanması, çoxseçimli testlərin hazırlanması və analizi üzrə yerli və beynəlxalq peşəkar inkişaf proqramlarında iştirak etmişdir.

2025-ci ildə Azərbaycan Tibb Universitetinin yaradılmasının 95 və Azərbaycanda ali əczaçılıq təhsilinin 85 illiyinə həsr olunmuş “Əczaçılığın müasir problemləri” VI Beynəlxalq Elmi Konqresində səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunmuşdur.

 

Əlavə məlumat

ORCID

0000-0003-1979-7139

Dil bilikləri

Azərbaycan, rus, ingilis və türk dilləri

E-poçt

afsana.mammadova.75@mail.ru
ememmedova1@amu.edu.az

Elmi profil

Google Scholar profili mövcuddur