Heydər Əliyev
Bu Zəfərin qəhrəmanları onların atalarıdır: ATU-da şəhid övladları ilə qürur dolu görüş

Bu Zəfərin qəhrəmanları onların atalarıdır: ATU-da şəhid övladları ilə qürur dolu görüş

Azərbaycan Tibb Universitetində (ATU) Zəfər Günü münasibətilə şəhid ailələrinin üzvü olan tələbələrlə duyğulu görüş keçirilib.  

Şəhidlərin əziz xatirəsinin yad edildiyi, qəhrəmanlıq salnaməsinin xatırlandığı tədbirdə çıxış edən ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov onların bizə əmanət qalan övladları ilə hər görüşün xüsusi mənəvi əhəmiyyət daşıdığını vurğulayıb.

Hər dəfə bu tələbələrlə şəxsən görüşməyi və onların yanında olmağı mənəvi borcu hesab edən prorektor qeyd edib ki, şəhidlərin yoxluğu ailələri və cəmiyyətimiz üçün heç zaman sağalmayan bir yaradır. Bununla belə, onların göstərdiyi qəhrəmanlıq heç vaxt unudulmayacaq, şəhid övladları isə Vətən tarixində əbədi yaşayacaq igidlərin ən qiymətli yadigarlarıdır.

Mahir Səfərov dövlət tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışaraq, ATU rəhbərliyinin də bu istiqamətdə ardıcıl dəstək göstərdiyini bildirib. Rektor, professor Gəray Gəraybəylinin rəhbərliyi ilə universitetin şəhid ailələrinin üzvü olan tələbələrin problemlərinə həssas yanaşdığını, onların təhsil və tələbəlik həyatında qarşılaşdıqları çətinliklərin həlli üçün imkanlar daxilində kömək göstərildiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən ATU-nun Tibbi və bioloji fizika kafedrasının professoru, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin universitet üzrə bölməsinin sədri Hüseyn Abıyev Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının tarixi əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu tarixi Qələbə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qüdrəti və xalqımızın birliyi nəticəsində əldə olunub.

Professor şəhidlərin qəhrəmanlığının Vətənə sədaqətin və milli dəyərlərə bağlılığın parlaq nümunəsi olduğunu qeyd edib. Azərbaycan tarixinin görkəmli şəxsiyyətləri Babək, Cavanşir, Şah İsmayıl Xətai, eləcə də Nizami Gəncəvi, Məhəmməd Füzuli və İmadəddin Nəsiminin irsinə toxunan H.Abıyev gəncləri bu zəngin tarixi və mədəni ənənələri yaşatmağa, elm və təhsil sahəsində uğurları ilə ölkəmizi layiqincə təmsil etməyə çağırıb.

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov da şəhid övladlarını yenidən bir arada görməkdən məmnunluğunu bildirib. O, Zəfər Gününün xalqımızın yaddaşında xüsusi yer tutduğunu vurğulayaraq, tarixi Qələbənin əldə olunmasında şəhidlərin, qazilərin, Azərbaycan Ordusunun və Vətən uğrunda övlad yetişdirən valideynlərin xidmətlərini qeyd edib.

Q.İsmayılov işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının əhəmiyyətindən danışıb. Gəncləri tarixi nailiyyətləri qorumağa, keyfiyyətli təhsil almağa və bilikləri ilə ölkənin inkişafına töhfə verməyə çağırıb. O, həmçinin informasiya təhlükəsizliyinin vacibliyini önə çəkərək tələbələrin sosial şəbəkələrdə məsuliyyətli davranmasının əhəmiyyətini vurğulayıb.

Görüşün ən təsirli məqamlardan biri Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimovanın çıxışı olub. Aybəniz Həşimova atasının ən böyük arzularından birinin onu həkim kimi görmək olduğunu bildirib. Bu il Azərbaycan Tibb Universitetini bitirərək atasının arzusunu gerçəkləşdirəcəyini deyən tələbə ona və digər şəhid ailələrinin övladlarına göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə minnətdarlığını ifadə edib.

Görüşdə İctimai səhiyyə fakültəsinin II kurs tələbəsi Sona Məmmədova və II Müalicə-profilaktika fakültəsinin I kurs tələbəsi Ayşən Məmmədova Vətənə, qəhrəmanlığa və şəhidlərin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndiriblər.

Tədbir çərçivəsində Vətən müharibəsində şəhid olmuş ATU məzunlarının xatirəsinə və Ali Baş Komandan İlham Əliyevin çıxışlarına həsr edilən videoçarx nümayiş etdirilib.

Zəfər Gününə həsr olunan görüş şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsi, onların ailələrinə göstərilən diqqət və qayğının ifadəsi, eyni zamanda gənc nəslə Vətən sevgisi və məsuliyyət hissinin aşılanması baxımından əlamətdar olub. 

 

 

Paylaş

Dostlarınız ilə paylaşın.