Heydər Əliyev
ATU-da “AI in Medicine Innovation Programı” çərçivəsində növbəti tədbir keçirilib

ATU-da “AI in Medicine Innovation Programı” çərçivəsində növbəti tədbir keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) Startap və kommersiyalaşdırma şöbəsi ilə Data-Analitika və Süni İntellekt Laboratoriyasının birgə təşkilatçılığı ilə “AI in Medicine Innovation Programı” çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə süni intellektin diaqnostika və müalicədə tətbiqi, eləcə də real klinik problemlərin həlli imkanları müzakirə olunub.

Tədbir əvvəlki məşğələlərdə əldə edilmiş biliklərin möhkəmləndirilməsi məqsədilə “Kahoot” platformasında təşkil edilən 10 suallıq sorğu ilə başlayıb. Ardınca proqramın ikinci mühazirəsi — “Diaqnostika və müalicədə süni intellekt” mövzusu təqdim olunub.

Mühazirəni Data-Analitika və Süni İntellekt Laboratoriyasının rəhbəri, dosent İsmayıl Qafarov və laboratoriyanın əməkdaşları Şəbnəm Hacıyeva, Elnur Qasımov və Səbahət Nəsirova interaktiv diskussiya formatında aparıblar. Müzakirələrdə süni intellektin tibbi görüntülərin təhlili, diaqnostika, müalicə qərarlarının dəstəklənməsi və fərdiləşdirilmiş tibbdə tətbiqi imkanları izah edilib.

Tədbirin növbəti - praktiki hissəsində iki klinik problemin mümkün həll yolları nümayiş etdirilib. İlk nümunə uşaqlarda hipoqlikemiyanın proqnozlaşdırılması ilə bağlı olub. Təqdim edilmiş tibbi məlumatlar əsasında statistik təhlil aparılıb, Bayes düsturlarından istifadə edilməklə ehtimallar qiymətləndirilib və süni intellekt vasitəsilə tətbiq formasında həll yanaşması təqdim olunub. Müzakirələrdə tətbiqin klinik praktikada istifadəsi üçün xarici validasiyanın vacibliyi vurğulanıb.

İkinci nümunə hernioplastika əməliyyatları ilə əlaqədar kompüter tomoqrafiyası (KT) görüntülərinin maşın öyrənməsi metodları ilə təhlilinə həsr olunub. Etibarlı modelin hazırlanması üçün daha geniş görüntü bazasına ehtiyac olması diqqətə çatdırılıb. Bu məqsədlə klinikalarda toplanmış görüntülərdən və açıq istifadəyə təqdim olunan tibbi məlumat bazalarından yararlanmaq tövsiyə olunub.

Hər iki nümunə göstərib ki, tibbi süni intellekt layihələrinin uğuru düzgün müəyyənləşdirilmiş klinik problemdən, keyfiyyətli məlumatlardan, nəticələrin klinisist tərəfindən qiymətləndirilməsindən və modelin müstəqil məlumatlar üzərində validasiyasından asılıdır.

Proqram tibb mütəxəssisləri ilə data-analitika və süni intellekt sahəsinin nümayəndələri arasında multidissiplinar əməkdaşlığı gücləndirməyə, real klinik problemlər əsasında innovativ həllər hazırlamağa xidmət edir. Bu istiqamətdə həyata keçirilən fəaliyyətlər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 3-cü məqsəd (Sağlamlıq və rifah) çərçivəsində səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, 4-cü məqsəd (Keyfiyyətli təhsil) üzrə müasir bilik və bacarıqların inkişafı, eləcə də 9-cu məqsəd (Sənaye, innovasiya və infrastruktur) üzrə isə innovasiyaların və texnoloji həllərin təşviqinə töhfə verir.

 

Paylaş

Dostlarınız ilə paylaşın.