

Azərbaycan Tibb Universitetinin (ATU) Prezident təqaüdünə layiq görülən birinci kurs tələbələri qazandıqları uğur və tələbəlik həyatına gedən yol barədə Azərbaycan Televiziyası (AZTV) və İctimai Televiziyaya (İTV) müsahibə veriblər.
Ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirən tələbələrdən Samir Tağızadə və Aynaz Zakeridust yüksək nəticə əldə etmək üçün keçdikləri hazırlıq mərhələsi, qarşılaşdıqları çətinliklər və uğura aparan yolda qazandıqları təcrübələrdən danışıblar.
Qeyd edək ki, Prezident təqaüdünə layiq görülənlər arasında ATU-nun Müalicə-profilaktika fakültəsinin “Tibb” ixtisası üzrə Azərbaycan, rus və ingilis bölmələrinə qəbul olunan 26 tələbə var.
Qəbul imtahanlarında ən yüksək nəticəni ingilis bölməsi üzrə qəbul olunan Samir Tağızadə göstərib. O, 700 balla maksimum nəticə əldə edib. Azərbaycan bölməsi üzrə isə I Müalicə-profilaktika fakültəsində ən yüksək göstərici 695,8 bal, II Müalicə-profilaktika fakültəsində isə 694,2 bal olub.
I Müalicə-profilaktika fakültəsinin “Tibb” ixtisası üzrə Azərbaycan bölməsinə qəbul olunan Aynaz Səyyad qızı Zakeridust 695,8 balla yüksək nəticə göstərərək Prezident təqaüdünə layiq görülən tələbələr sırasında yer alıb.
Tələbələrin bu uğuru onların əzmkarlığının, məqsədyönlü hazırlığının və tibb sahəsində gələcək fəaliyyətlərinə inamının göstəricisidir.
