
Azərbaycan Tibb Universitetində tələbələr arasında narkomaniya və kibercinayətkarlığa qarşı mübarizə mövzusunda növbəti maarifləndirici tədbir təşkil olunub. Tədbirin əsas məqsədi gənclərin həm tibbi, həm də hüquqi baxımdan məlumatlandırılması və riskli situasiyalarda düzgün qərarvermə bacarıqlarının inkişaf etdirilməsi olub.
Universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov çıxışında narkomaniyanın cəmiyyət üçün ciddi sosial problem olduğunu vurğulayıb. O bildirib ki, bu mövzu il ərzində mütəmadi olaraq müzakirə edilir və məqsəd gələcək səhiyyə işçilərinin bu sahədə daha hazırlıqlı olmalarını təmin etməkdir. Prorektor qeyd edib ki, narkomaniya təkcə tibbi deyil, həm də sosial və cinayət xarakterli ağır nəticələr doğuran qlobal bəladır.
Tədbirdə çıxış edən Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Ağayev narkomaniyaya qarşı mübarizənin hüquqi əsasları və görülən tədbirlər barədə geniş məlumat verib. O qeyd edib ki, Azərbaycanda bu sahədə sistemli dövlət siyasəti formalaşdırılıb və 1990-cı illərdən etibarən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə prioritet istiqamətlərdən birinə çevrilib.
Polkovnik çıxışında 1998-ci ildə qəbul edilən müvafiq qanunun əhəmiyyətini vurğulayaraq bildirib ki, narkotik vasitələrin istehsalı, daşınması və satışı kimi bütün mərhələlər ciddi şəkildə qadağan olunub və bu sahədə hüquqi məsuliyyət sərtləşdirilib. O, xüsusilə yetkinlik yaşına çatmayanların bu proseslərə cəlb edilməsinin ən ağır hüquqi nəticələr doğurduğunu diqqətə çatdırıb.
Statistik göstəricilərə toxunan V.Ağayev cari ilin ilk rübündə 121 cinayət faktının aşkarlandığını, 130 nəfərin məsuliyyətə cəlb olunduğunu bildirib. Əməliyyatlar nəticəsində 154 kiloqram narkotik vasitənin qanunsuz dövriyyədən çıxarıldığı qeyd olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə xeyli artım deməkdir.
Çıxış zamanı Azərbaycanın coğrafi mövqeyinin narkotiklərin tranzitində müəyyən çətinliklər yaratdığı vurğulanıb. Bildirilib ki, cinayətkar qruplar müxtəlif üsullardan, o cümlədən gizli bölmələr, texnoloji vasitələr və hətta dronlardan istifadə etməyə çalışırlar. Buna baxmayaraq, hüquq-mühafizə orqanları sərhəd və gömrük strukturları ilə birgə bu cəhdlərin qarşısını almaqda davam edir.
Tədbirdə kibercinayətkarlıq mövzusu da geniş müzakirə olunub. Vüqar Ağayev bildirib ki, sosial şəbəkələr üzərindən törədilən dələduzluq halları getdikcə artır və bu cinayətlərin əksəriyyəti xaricdən idarə olunur. Onun sözlərinə görə, vətəndaşlar tez-tez saxta iş elanları, “sürətli qazanc” vədləri və ya saxta bank zəngləri vasitəsilə aldadılır.
Polkovnik diqqətə çatdırıb ki, kibercinayətkarlar müasir texnologiyalardan, o cümlədən süni intellekt və səs saxtalaşdırma vasitələrindən istifadə edərək insanları daha asan manipulyasiya edirlər. Bu baxımdan, şəxsi məlumatların qorunması və sosial şəbəkələrdə diqqətli davranış xüsusi əhəmiyyət daşıyır.
Qeyd olunub ki, narkomaniya və kibercinayətkarlıqla mübarizə yalnız hüquq-mühafizə orqanlarının deyil, bütövlükdə cəmiyyətin birgə səylərini tələb edir. Bu istiqamətdə maarifləndirici tədbirlərin davamlı olaraq keçirilməsi planlaşdırılır.
Sonda Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tədbir iştirakçılarına kibercinayətkarlıq risklərindən qorunma yollarını əks etdirən maarifləndirici broşurlar paylanılıb. Paylanan materiallarda sosial şəbəkələrdə təhlükəsiz davranış qaydaları, bank kartı məlumatlarının qorunması, saxta zəng və elanların tanınması, eləcə də şəxsi məlumatların üçüncü şəxslərlə paylaşılmasının yaratdığı risklər ətraflı izah olunub.