
Azərbaycan Tibb Universitetinin Fundamental Elmi Araşdırmalar üzrə Yerli Etik Komitəsinin ilk iclası keçirilib.
Professor Ramiz Axundovun sədrliyi ilə baş tutan iclasda komitə üzvləri və universitetin gənc tədqiqatçıları iştirak ediblər.
İclas zamanı gənc alimlərin müxtəlif istiqamətlər üzrə apardıqları elmi araşdırmalar təqdim olunub, işlərin aktuallığı və tətbiq olunan metodların etik normalara uyğunluğu geniş müzakirə edilib. Mütəxəssislər tərəfindən tədqiqatların keyfiyyətinin artırılması məqsədilə gənc araşdırmaçılara müvafiq tövsiyələr verilib.
Qeyd edək ki, komitənin əsas fəaliyyət istiqaməti universitetdə həyata keçirilən elmi-tədqiqat işlərinin etik ekspertizasını aparmaqdan ibarətdir. Bura heyvanların subyekt kimi iştirak etdiyi tədqiqatlar, təşəbbüs xarakterli layihələr, ictimai səhiyyə yönümlü proqramlar, eləcə də klinikayaqədərki və eksperimental araşdırmalar daxildir.
Komitə ATU daxilində aparılan elmi fəaliyyətlərin etik prinsiplərə uyğunluğunu təmin edir. Bu çərçivədə tədqiqat protokolları təhlil olunur, laboratoriya heyvanlarının təhlükəsizliyi, rifahı və hüquqlarının qorunması istiqamətində müvafiq qərarlar qəbul edilir. Tədqiqat proseslərində şəffaflığın və hesabatlılığın artırılmasına nəzarət olunur.
Eyni zamanda Komitənin fəaliyyətində əsas prioritetlərdən biri heyvanlar üzərində aparılan tədqiqatlarda beynəlxalq səviyyədə qəbul olunmuş 3R prinsipinin tətbiqidir. Bu yanaşma elmi araşdırmaların həm humanist dəyərlərə uyğun aparılması, həm də beynəlxalq standartlara cavab verməsini təmin edir.