Adı-Ametropiyaların etiopatogenezi, diaqnostikası, korreksiya və ağırlaşmalarına müasir yanaşmalar.
Aktuallıq: Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünyada 2,2 milyardddan artıq insan yaxın və uzaq görmə qabiliyyətinin pozğunluğundan əziyyət çəkir. Bunlardan 1 milyardında pozğunluğu aradan qaldırmaq və ya görməni yaxşılaşdırmaq mümkündür.
Görmə pozğunluğu törədən səbəblər işərisində 1-ci yerdə refraksiya anomaliyaları durur. Refraksiya anomaliyaları həm uşaqlarda, həm də böyüklərdə görmə pozğunluğuna səbəb olur ki, bu da adətən eynək və kontakt linzalar kimi optik vasitələrdən istifadə etməklə və ya cərrahi və lazer üsulları ilə düzəldilə bilər. Yüksək dərəcəli ametropiyalar, tor qişanın qopması, katarakt, qlaukoma, çəpgözlük, ambliopiya kimi görmə qabiliyyətinin ciddi və geriyə dönməz itkisinə səbəb olan xəstəliklərlə nəticələnə bilər. Aparılan tədqiqatlar son yarım əsrdə refraksiya anomaliyaları içərisində miopiyanın daha sürətlə artdığını göstərir.
Miopiyanın dəqiq patogenetik mexanizmləri qeyri-müəyyən olaraq qalır. Son tədqiqatlar belə fikir söyləməyə imkan verir ki, miopiya irsi və ətraf mühit faktorlarının birləşmiş və qarşılıqlı təsirindən yaranır. Miopiyanın inkişaf riskinin artmasında valideynlərdə miopiyanın olması, cinsi və etnik mənsubiyyət, təhsil səviyyəsi, peşə növü, maddi vəziyyət, yaxın məsafədə görmə işi, açıq hava fəaliyyəti, eynək şüşələrinin qeyri-şəffaflığı və göz ölçüləri kimi amillərlə mümkün əlaqənin olması sübut olunmuşdur.
Valideynlərindən biri miopik olan uşaqlarda 18,2% və hər iki valideyni miopik olan uşaqlarda 32,9% bu ametropiya növünə rast gəlinir. Daha yüksək təhsil səviyyəsi, daha yaxşı mənzil-məişət şəraiti olan ailələrin uşaqlarında miopiyanın daha çox artdığı göstərilmişdir. Uzun müddət və fasiləsiz oxumaq, yazmaq, kompüterdən istifadə etmək və video oyunları oynamaq kimi yaxın məsafədə görmə ilə bağlı işlərin olmasının məktəblilər arasında miopiyanın yayılmasının nəzərəçarpacaq dərəcədə artmasına səbəb ola biləcəyi irəli sürülür.
Potensial profilaktik tədbir və ya mümkün risk faktoru kimi açıq hava fəaliyyəti böyük maraq doğurur. Son epidemioloji tədqiqatlar açıq havada daha çox vaxt keçirməyin miopiyanın yayılmasının azalmasına səbəb ola biləcəyini mümkün sayır.
Miopiya cəmiyyətdə müxtəlif tibbi, sosial-iqtisadi təsirlərə malikdir. Yüksək miopiya ciddi göz patologiyaları ilə nəticələnə bilər. Bunlardan ən çox rast gəlinənləri periferik retinanın patoloji dəyişiklikləri, arxa stafiloma, torlu qişanın qopması, katarakta, qlaukoma, çəpgözlük kimi ağırlaşmalardır.
Korreksiya olunmamış ametropiyalarda görmə qabiliy-yətinin azalması həyat keyfiyyətinin pozulmasına da səbəb ola bilir. Refraksiya anomaliyaları zamanı meydana gələn görmə pozğunluğu nəticəsində əmək məhsuldarlığının azalması və ya itirilməsi, refraksiya anomaliyalarının müxtəlif korreksiya üsullarının dəyəri və ağırlaşmalarının müalicə xərcləri sosial-iqtisadi çətinliklər də əmələ gətirir.
Yüksək dərəcəli ametropiyası olanlar funksional, psixoloji, kosmetik və maliyyə amilləri səbəbindən sosial həyat tərzinin pozulmasından əziyyət çəkirlər.
Ametropiyaların vaxtında aşkarlanıb korreksiya olunması da çox əhəmiyyətlidir. Diaqnostikanın gecikməsi və lazımi optik korreksiyanın alınmaması məktəb yaşlı uşaqlarda uzaqdan görmənin zəifləməsi nəticəsində yaxından görmə yükünün artmasına və nəticədə miopiyanın artışının sürətlənməsinə gətirib çıxarır. Anizometropiyaların korreksiya olunmaması isə refraksion ambliopiyaya səbəb ola bilir.
Yetkin şəxslərdə refraktogenez prosesi başa çatdıqdan sonra refraksiya anomaliyalarını aradan qaldırmaq üçün müxtəlif cərrahi və lazer üsullarından istifadə olunur. Aparılacaq refraksion əməliyyatın növünün düzgün seçilməməsi, əməliyyat yaşının uyğun təyin olunmaması, yanaşı gedən xəstəliklərin və ametropiyaların ağırlaşmalarının düzgün qiymətləndirilməməsi postoperativ fədsadlara yol aça bilir.
Beləliklə də, ametropiyaların diaqnostikasında risk faktorları, xüsusilə də yaş xüsusiyyətləri və həyat tərzi nəzərə alınmaqla etiopatogenetik özəlliklərin fonunda düzgün korreksiya növünün seçilməsi həm ametropiyaların ağırlaşmalarının, həm də istifadə olunan korreksiya üsullarının fəsadlarının azaldılmasına zəmin yaradır.
Məqsəd : Ametropiyaların etiopatogenezinin, inkişaf dinamikasının öyrənilməsi, qeyri-lazer və lazer korreksiya üsullarının müqayisəli araşdırılması, ametropiyaların ağırlaşmalarının və müxtəlif korreksiya növlərinin fəsadlarının aradan qaldırılması üsullarının işlənib hazırlanması
Elmi yenilik
1. Ametropiyaların inkişaf dinamikasının etiopatogenezi ilə bağlılığının öyrənilməsi refraksiya pozğunluqlarının irəliləməsinin qarşısının alınması üçün müvafiq qabaqlayıcı tədbirlərin görülməsinə imkan verəcəkdir.
2. Refraksiya anomaliyalarının korreksiyasında istifadə olunan üsulların seçiminə təsir edən amillərin aşkarlanması sayəsində korreksiya zamanı daha uyğun metodun seçilməsi xəstə məmnuniyyətinə səbəb olacaqdır.
3. Ametropiyaların ağırlaşmalarına səbəb olan amillər araşdırılacaqdır. Bu amillərin vaxtında aşkarlanıb aradan qaldırılması ağırlaşmaların azalması ilə nəticələnəcəkdir.
Tətbiqi -Səhiyyə sistemi, müalicə-profilaktika müəssisələri, o cümlədən ambulator-poliklinika müəssisələri, xəstəxanalar, sağlamlıq mərkəzləri, müalicə-diaqnostika mərkəzləri.
Səmərəlilik -Refraksiya pozğunluqlarının irəliləməsinin qarşısının alınması üçün müvafiq qabaqlayıcı tədbirlər görüləcək, ametropiyaların ağırlaşmalarına səbəb olan amillərin vaxtında aşkarlanıb aradan qaldırılması ağırlaşmaların azalması ilə nəticələnəcək.