Yanvarın 30-da Azərbaycan Tibb Universitetinin İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri universitetdə keçirilən imtahan prosesinin gedişatını izləyiblər. Şuranın sədri, millət vəkili, həkim-qastroenteroloq İlham Məmmədov, “Vətəndaş” İctimai Birliyinin sədr müavini Aidə Bəndəliyeva və “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli bu məqsədlə İmtahan Mərkəzində olublar.
İmtahan prosesi zamanı tələbələrin və ekspertlərin fikirlərini də öyrənən Şura üzvləri imtahanların rahat və şəffaf şəraitdə keçirildiyini müşahidə ediblər. İlham Məmmədov bildirib ki, imtahanların təşkili aparılan islahatlar çərçivəsində təkmilləşdirilib və obyektiv qiymətləndirmə üçün bütün zəruri şərait yaradılıb. Onun sözlərinə görə, texniki təminat, avadanlıqlar və ümumi mühit müasir tələblərə cavab verir ki, bu da biliklərin şəffaf və ədalətli qiymətləndirilməsini təmin edir.
Şura sədri deyib ki, tələbələrlə aparılan söhbətlər onların nəzəri biliklərinin imtahan sualları ilə uyğunluğunu göstərib və qiymətləndirmə prosesində şəffaflıq təmin olunub.
Bununla yanaşı, Əczaçılığın toksikologiyası və kimya kafedrasında magistrantların şifahi imtahanları professor-müəllim heyətinin iştirakı ilə izlənilib. Magistrantların suallara ətraflı və dolğun cavab verməsi diqqət çəkib. Onlar tədris prosesi və universitetdən məmnun olduqlarını bildiriblər.
Şura üzvləri apellyasiya müraciətlərinin araşdırıldığı otağa da baxış keçiriblər. Qeyd olunub ki, müraciətlərin əksəriyyəti açıq tipli suallarda cavabların düzgün yerləşdirilməməsi ilə bağlıdır. Eyni zamanda suallarda metodiki səhv aşkarlandığı hallarda müvafiq kafedralar üzrə analitik təhlil aparılır və zəruri tədbirlər görülür.
Şura üzvləri Tibb və sağlamlıq elmləri təhsili və Qidalanma və tibbi ekologiya kafedralarında da olublar. Tibb və sağlamlıq elmləri kafedrasında, universitet müəllimlərinin bilik və bacarıqlarını dünya standartlarına uyğun daha da təkmilləşdirmək və bu biliklərin tələbələrə daha keyfiyyətli şəkildə ötürülməsini təmin etmək məqsədilə təlimdə iştirak edən müəllimlərlə maraqlı fikir mübadiləsi olub. Universitetdə pedaqoji peşəkarlığın artırılması, müasir tədris metodlarının tətbiqi, klinik və praktik dərslərin təşkili, qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də ailə həkimliyi institutunun formalaşdırılması və ilkin səhiyyə xidmətlərinin inkişafı məsələləri ilə bağlı müzakirələrdə millət vəkili İlham Məmmədov təlim iştirakçılarının suallarını cavablandırıb. Sual və təkliflərə münasibət bildirən İ.Məmmədov qeyd edib ki, səhiyyə və təhsil sahəsində həyata keçirilən islahatların əsas məqsədi sistemli, dayanıqlı və səmərəli inkişafı təmin etməkdir. Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi və ailə həkimliyi institutunun formalaşdırılması ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi və əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması məqsədini daşıyır.
Sonra Şura üzvləri Qidalanma və tibbi ekologiya kafedrasında olaraq, əməkdaşlarla tədris prosesi barədə müzakirələr aparıblar.