
23 ölkənin mədəniyyətini bir araya gətirən tədbirdə müxtəlif dövlətlərin səfirləri də iştirak edib
Noyabrın 28-də Azərbaycan Tibb Universitetində “Müxtəlifliyi yaşa, birliyə töhfə ver” şüarı altında Mədəniyyətlərarası Tələbə Festivalı keçirilib.
Müxtəlif ölkələrdən olan tələbələrin bir araya gələrək, adət-ənənələrini və özünəməxsus bacarıqlarını paylaşdıqları festivalda fərqli mədəniyyətlər təqdim olunub. İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin təşkilatçılığı ilə baş tutan festivalda Liviya, Fələstin, Sudan, Özbəkistan, Misir, Türkiyə, Pakistan, Belarus və Mərakeşin ölkəmizdəki səfirləri, eləcə də İraq və Kolumbiya səfirliklərinin nümayəndələri iştirak ediblər.
Festivalın açılışında çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli qonaqları ürəkdən salamlayaraq ATU-nun keçdiyi şərəfli inkişaf yolundan, universitetin mühüm nailiyyətlərindən və bu il təntənə ilə qeyd olunan 95 illik yubileyindən bəhs edib.
Rektor bildirib ki, beynəlxalq festival müxtəlif ölkələrin mədəniyyətlərini, adət-ənənələrini öyrənmək məqsədi daşıyır. Bu tədbir ölkələr arasındakı əlaqələrin genişləndirilməsinə böyük töhfə verəcək. Professor G.Gəraybəyli diqqətə çatdırıb ki, ATU-da beynəlxalq münasibətlərin inkişafı hər zaman diqqət mərkəzində olub: “Universitetimizdə əcnəbi məzunların ilk buraxılışı 1969-cu ildə baş tutub. Bu o deməkdir ki, ilk xarici tələbə qəbulu 1963-cü ildə - düz 62 il əvvəl keçirilib. Bu gün ATU-da 53 dövlətin vətəndaşı olan 2600 tələbə ən yüksək səviyyədə təhsil alır. Bu rəqəm universitetimizin beynəlxalq arenada qazandığı nüfuzun göstəricisidir”.
Rektor müasir dünyada multikulturalizm və mədəniyyətlərarası dialoqun rolundan danışaraq, ATU-da təhsil alan əcnəbi tələbələrin universitetin həyatına olan töhfə və uğurları haqqında məlumat verib.
Festival çərçivəsində konsertdə 23 ölkənin nümayəndələrinin öz bacarıqlarını nümayiş etdirəcəyini vurğulayan rektor deyib ki, bu cür beynəlxalq miqyaslı tədbirlər müxtəlif ölkələrdən olan tələbələr arasında dostluq əlaqələrini inkişaf etdirir və eyni zamanda yerli və əcnəbi tələbələr arasında mədəniyyət körpüsü rolunu oynayır.
Professor G.Gəraybəyli, həmçinin festival çərçivəsində keçiriləcək BMT Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunan faydalı sessiyalar haqqında danışıb.
Mərakeş Krallığının səfiri Mohamed Adil Ambarch da təbrik nitqi ilə çıxış edərək Azərbaycan Tibb Universitetində baş tutan tələbə festivalı haqqında təəssüratlarını bölüşüb. Bu tədbiri ilk növbədə əcnəbi tələbələrə diqqətin göstəricisi kimi dəyərləndirən səfir, rektor Gəray Gəraybəyli başda olmaqla universitet rəhbərliyinə öz ölkəsi adından təşəkkürünü bildirib.
Dayanıqlı inkişaf məqsədlərinə həsr olunan sessiyada tələbə festivalının əhəmiyyətindən və əsas məqsədlərindən söz açan ATU-nun Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva xatırladıb ki, bu məqsədlər 2015-ci ildə BMT Baş Assambleyası tərəfindən hazırlanmış və “Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyi” adlı qətnamədə təqdim edilmiş sənədin bir hissəsidir. Bu gündəlikdə 17 qlobal məqsəd və 169 konkret hədəf yer alır. Dayanıqlı İnkişaf Məqsədləri bütün ölkələr üçün fəaliyyət çağırışıdır. Onlar insanların rifahını yaxşılaşdırmağı və planetimizin qorunmasını təmin etməyi hədəfləyir.
İlk sessiyada sosial və ekoloji dayanıqlılıq mövzuları müzakirə olunub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin baş mütəxəssisi Humay Əhmədbəyli “Yoxsulluğa son”, Kənd Təsərrüfatı Nazirliyinin Elm, Təhsil və İnsan Resursları Departamentinin sədr müavini Emin Əliyev “Aclığa son”, Bakı Dövlət Universitetinin keyfiyyətin təminatı üzrə rektor müşaviri Asiman İlyasov isə “Keyfiyyətli təhsil” mövzusunda çıxış ediblər.
Festival çərçivəsində konfransın ikinci sessiyasında iqtisadi və texnoloji dayanıqlılıq məsələləri diqqət mərkəzində olub. Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun Enerji sisteminin perspektiv inkişafı şöbəsinin rəisi, texnika elmləri doktoru, professor Valeh Nəsibov “Sərfəli və təmiz enerji”, Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəyli “Sənaye, innovasiya və infrastruktur”, ATU-nun Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan isə “Bərabərsizliyin azaldılması” mövzusunda məruzə ilə çıxış edib.
Sonuncu - dayanıqlı inkişaf və tərəfdaşlıq mövzusuna həsr olunmuş sessiyaya ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev moderatorluq edib. Azərbaycan Prezidentinin Administrasiyasının Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəliyinin böyük məsləhətçisi Faiq Mütəllimov “İqlim dəyişikliyinə qarşı mübarizə”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin İqlim Dəyişmələri Mərkəzinin direktor müavini Aygün Nərimanova “Torpaq ekosisteminin mühafizəsi”, politoloq və millət vəkili Rasim Musabəyov isə “Sülh, ədalət və səmərəli institutlar” mövzusunda təqdimatlarla çıxış ediblər.
Sonra festival iştirakçıları 23 ölkənin mədəniyyətini özündə əks etdirən guşələrə baş çəkiblər. Müxtəlif xalqların ənənəvi rəqsləri, musiqisi və milli geyimlərindən zövq alan, fərqli ölkələrin mətbəxinə məxsus yeməklərin dadına baxan festival iştirakçıları sənət və sənətkarlıq sərgilərini də maraqla izləyiblər. Həmçinin əl işləri və etnik eksponatlarla tanış olaraq, əyləncəli və interaktiv sessiyalar vasitəsilə müxtəlif mədəniyyətləri daha yaxından öyrəniblər.
Mədəniyyətlərarası Tələbə Festivalı yüksək səviyyədə təşkil olunmuş qala-konsertlə davam edib.
Üç aparıcı tələbə - Ləman, Mariam və Abdulla səhnəyə çıxaraq, “bu axşam biz yalnız bir universitetin nümayəndələri deyil, həm də yaradıcılıq və mədəniyyət vasitəsilə birləşmiş ortaq dünyanın vətəndaşları kimi bir araya gəlmişik” – deyə tamaşaçıları üç dildə salamlayıblar.
Tələbə festivalının artıq bir ənənəyə çevrildiyi, beynəlxalq icmanın hər il böyüyərək xalqlar arasında anlayış, dostluq və yaradıcılığı təşviq etdiyi vurğulanıb. Bundan sonra 23 ölkəni təmsil edən tələbələrin öz milli bayraqları ilə səhnəyə daxil olması böyük coşqu ilə qarşılanıb.
Daha sonra 17 ölkədən olan istedadlı tələbələr səhnədə yer alıb. Onlar öz dillərində nəğmələr oxuyub, milli rəqslərini təqdim ediblər. Bununla da eyni bəşəri duyğuları səsləndirərək, hər ritmdə, hər melodiyada gözəlliyin sərhədsiz olduğunu göstəriblər. Hər çıxış insanlığın ortaq dəyərləri olan musiqi və rəqsin bəşəri dildə danışdığını xatırladıb, müxtəlifliyin bizi ayıran deyil, birləşdirən dəyər olduğunu vurğulayıb.
Məhz bu dəyərlərdən qaynaqlanan bənzərsiz ifalar tamaşaçılara zövqlü anlar yaşadıb. Geniş konsert proqramı Qarabağda Zəfərimizi tərənnüm edən musiqi əsəri ilə başa çatıb.