Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsində Qlaukoma Günü ilə əlaqədar maarifləndirmə seminarı təşkil olunub
Şöbə müdiri dosent Qurban İsmayılov tədbirdə çıxışı zamanı bildirib: “Toplantının əsas məqsədi insanlara qlaukomasının riskləri və qarşısının alınması yolları barədə məlumatlandırmaqdır. Qlaukoma, göz içi təzyiqinin yüksəlməsi nəticəsində göz sinirinin zədələnməsinə səbəb olan ciddi göz xəstəliyidir. Erkən mərhələdə əksər hallarda heç bir simptom müşahidə olunmur, lakin sonrakı mərhələlərdə görmə itkisi və görmə sahəsinin daralması baş verir.”
Dosent Qurban İsmayılov əlavə edib ki, artıq bir neçə ildir ki, rektor Gəray Gəraybəylinin təşəbbüsü ilə belə günlərdə Oftalmologiya şöbəsi tərəfindən tələbələrə pulsuz əməliyyat imkanları təqdim olunur.
Toplantıda şöbə əməkdaşlarının iştirakı ilə “Qlaukoma: Qara su” və “Gizli oğru” mövzusunda mühazirələr dinlənilib və iştirakçılar arasında diskussiyalar aparılıb.